AZ / EN / RU
Beynəlxalq əlaqələr şöbəsi

Bakı Ali Neft Məktəbinin təsis edilməsi zamanı qarşıya qoyulmuş başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir tələblərə cavab verən ingilisdilli ixtisaslı kadrların hazırlanması olmuşdur. Xüsusilə, təhsildə qloballaşma və beynəlmillələşmə faktorlarının olduqca mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr şöbəsi olaraq biz Ali Məktəbimizin dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrin yaradılması, inkişafı və genişlənməsi istiqamətində çalışırıq.

Ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrini müvafiq xarici qurumlarla əməkdaşlıq etmədən, beynəlxalq layihə və proqramlarda iştirak olmadan təsəvvür etmək olmaz. Şöbəmizin fəaliyyətinin əsas istiqamətlərindən biri BANM haqqında informasiyanın getdikcə daha geniş beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bu məqsədlə ölkəmizdə akkreditə olunmuş əcnəbi ölkələrin səfirlik və diplomatik korpus nümayəndələri ilə sıx əməkdaşlıq həyata keçirilir. Bunun nəticəsidir ki, olduqca gənc ali təhsil müəssisə olmasına baxmayaraq, BANM dünyanın bir çox aparıcı universitetləri arasında müsbət imic formalaşdıra bilmiş, nəticədə, onlar da bizimlə qarşılıqlı əlaqələrin qurulmasında maraqlarını nümayiş etdirmişlər.

Beynəlxalq əməkdaşlıq əsasən universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində həyata keçirilir.

 

BANM Qara Dəniz Universitetləri Şəbəkəsinə (BSUN) üzvdür, həmçinin İslam Dünyası Universitetləri Federasiyası (FUIW) ilə əməkdaşlıq edir.

Universitetlərarası əməkdaşlıq təhsil sahəsində ikitərəfli əlaqələr, o cümlədən, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələri, akademik nəşr vasitələrinin qarşılıqlı mübadiləsi və s. kimi geniş sahələri əhatə edir.

BANM-in əsas beynəlxalq tərəfdaşı Böyük Britaniyanın mühəndislik sahəsində ən aparıcı universitetlərindən olan Heriot-Vatt Universitetidir. BANM-də istifadə olunan kurikulum bilavasitə HVU-nun tədris proqramlarına əsaslanır və Ali Məktəbimizdə təhsil və tədrislə bağlı tətbiq olunan standart və meyarlar, o cümlədən tədrisin təşkili və imtahanların təşkili və keçirilməsi kimi proseslər məhz, HVU-nun tələblərinə uyğundur.

Beynəlxalq şirkətlərin Bakıda fəaliyyət göstərən nümayəndəlikləri ilə imzalanmış anlaşma memorandumlarının başlıca əhatə dairəsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında ekspert dəstəyi, şirkətlərdə tələbələrimiz üçün praktikaların təşkili, universitetimizin kitabxana resurslarının xaricdə dərc olunmuş ədəbiyyatlarla zənginləşdirilməsində dəstək kimi müxtəlif istiqamətlərdən ibarətdir.

BANM-də hazırlanan kadrların nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələri də bizim üçün olduqca vacibdir. Bu məqsədlə biz tələbələrimizin müvafiq partnyor şirkətlərdə təcrübə keçmələri üçün hər cür imkanları yaradırıq. BP Azerbaijan şirkətinin bu əməkdaşlıqda rolu xüsusi qeyd edilməlidir. Şirkətin yaxın gələcək üçün nəzərdə tutduğu kadrların milliləşdirilməsi proqramı çərçivəsində BANM-də hazırlanan potensial kadrların əhəmiyyəti müstəsna rola malik olacaqdır.

BANM Avropa İttifaqının təhsil sahəsini də əhatə edən ən irimiqyaslı layihəsi olacaq Erasmus+ proqramına da qoşulmağı hədəfləyir. Bu proqram Ali Məktəbimizdə çalışan professor-müəllim heyətinin və tələbələrin müxtəlif növ təhsil layihələrindən bəhrələnməsinə və beynəlxalq mübadilə proqramında iştirak edərək təhsil təcrübəsini daha da genişləndirməsinə imkanlar yaradacaqdır.