AZ / EN / RU
Təhsil haqqı

BANM-də təhsil alacaq hər bir əcnəbi tələbənin bakalavriat səviyyəsində illik təhsil haqqı 5000 AZN  təşkil edir. Bu məbləğə tədris materialları və BANM-in kampusunda yerləşən idman obyektlərinin (üzgüçülük hovuzu; futbol, basketbol, tennis meydançaları, qapalı idman zalları, fitnes mərkəzi) istifadəsi üzrə ödənişlər də daxildir.

 Kampusumuzda rahat yaşayışınızı və təhsilinizdə uğur qazanmanızı təmin etmək üçün yataqxanamızda hər cür imkanlar yaradılmışdır.

BANM-də təhsilə başlamazdan öncə hər bir qəbul olunmuş əcnəbi tələbə birillik təhsil haqqını öncədən ödəməlidir. Bu ona viza alınmasında zəruri olan qəbul haqqında sənədin vaxtında göndərilməsi üçündür. Ödəniş köçürmə yolu ilə BANM-in bank hesabına yatırılmalıdır. Bank əməliyyatları ilə bağlı xərclər tələbə tərəfindən ödənilməlidir.  

DİQQƏT: Əgər tələbə qəbul haqqında müsbət qərar qəbul olunmasına baxmayaraq, Azərbaycana gəlməzdən öncə BANM-də təhsil almaq fikrindən daşınarsa, ödənilmiş təhsil haqqının 30% məbləğində depozit tutulmaqla, qalan məbləğ tələbəyə geri qaytarılır.

Qəbul haqqında müsbət qərar barədə məktub almış tələbə Azərbaycana gələrək təhsilə başlayıb sonradan BANM-də təhsil almaq fikrindən daşınarsa və ya təhsil aldığı tədris ili ərzində xəstəlik və digər buna bənzər səbəbdən təhsilini yarımçıq dayandırmaq və müvafiq hallarda BANM-də akademik məzuniyyət götürmədən Azərbaycanı tərk etmək məcburiyyətində qalarsa, ödənilmiş təhsil haqqı tələbəyə geri qaytarılmır, həmçinin digər təhsil müəssisəsinin hesabına köçürülə və ya başqa bir tələbənin təhsil haqqı kimi nəzərdə tutula bilməz.

Hər bir növbəti tədris ilində təhsil haqqı müəyyən edilmiş vaxtdan gec olmamaq şərti ilə tam məbləğdə və ya iki mərhələli şəkildə ödənilə bilər.