AZ / EN / RU
"Azərikimya" İB müsabiqənin nəticələrini açıqladı

Sentyabrın 14-də “Azərikimya” İB-nin akt zalında Türkiyənin “Petkim Petrokimya Holding” şirkətində təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir.Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin yay istehsalat təcrübəsi üçün əlverişli şəraitin yaradılması İB-nin kadr hazırlığı proqramı üzrə nəzərdə tutulmuş tədbirlərlərdəndir və son bir neçə ildə artıq ənənə halını almışdır. Bu il də İnsan Resursları Departamenti ilə birgə həyata keçirilən “Yay təcrübəsi proqramı” layihəsi çərçivəsində Birliyin dəstəyi ilə respublikanın aparıcı ali təhsil müəssisələrinin - Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Sumqayıt Dövlət Universitetinin kimya və kimya mühəndisliyi fakültələrinin tələbələri əvvəlcə Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində 10 gün müddətində kimya sənayesi ilə bağlı təcrübi biliklərini artırmışlar. Onlar seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçərək, nəzəri biliklərini təcrübə ilə daha da zənginləşdirmişlər. Sonra bir ay müddətində Türkiyənin İzmir şəhərində, dünyanın nüfuzlu şirkətlərindən olan “Petkim Petrokimya Holding”də istehsalat təcrübələrini davam etdirmişlər. Qeyd olunmuşdur ki, təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqə keçirilir. Məqsəd həm tələbələr arasından İstehsalat Birliyinə gələcək əməkdaş seçmək, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır. 

 

Tədbirdə “İstehsalat üzrə ən yaxşı səmərələşdirici təklif və ideyaların qiymətləndirilməsi” mövzusunda keçirilən müsabiqənin qalibi olan 4 tələbəyə - Kamran Əliyevə (Bakı Ali Neft Məktəbi, bakalavr, IV kurs, Kimya mühəndisliyi - I yer - “Piroliz prosesinin təkmilləşdirilməsi üçün alternativ yol naftanın katalizatorun iştirakı altında və 650 oC temperaturda piroliz edilməsi” təklifi), Əli Qasımova (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, bakalavr, III kurs, Kimya mühəndisliyi - II yer), Aysel Hüseynovaya (Sumqayıt Dövlət Universiteti, bakalavr, III kurs, Kimya mühəndisliyi - III yer) və Cəmilə Zabirovaya (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, magistr, II kurs, Kimya - IV yer) “Azərikimya” İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.