AZ / EN / RU
Bakalavriat səviyyəsində təhsil

Təhsil ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. Bakalavriat səviyyəsində Bakı Ali Neft Məktəbinin tələbələri üç ixtisas üzrə təhsil alırlar: "Neft-qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi". "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisaslarında təhsil Heriot-Vatt Universitetinin tədris proqramları üzrə və bu universitetin mütəxəssislərinin iştirakı ilə aparılır. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə mütəxəssis hazırlığı Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmış tədris proqramı üzrə aparılır.

 

İllər üzrə:

 

Birinci kurs

Birinci kursda tələbələrə elm və riyaziyyat sahəsində son illərdə tətbiq edilən başlıca anlayışlar öyrədilir, həmçinin neft-qaz və kimya mühəndisliyi üzrə ilkin biliklər tədris olunur.

Bu kursda kimya və neft-qaz mühəndisliyi üzrə tədris prosesi tələbələrə həm daha geniş çərçivədə biliklərin aşılanması, həm də sənaye nöqteyi-nəzərindən müvafiq biliklərin öyrədilə bilməsi məqsədinə xidmət etmə baxımından təşkil olunur. Burada mühəndislik peşəsini anlamağa imkan yaradan müvafiq peşə bilikləri və ən sadə riyazi və elmi prinsiplər öyrədilir. Tələbələrin öyrəndikləri bilik və bacarıqları daha da təkmilləşdirə bilməsi məqsədi ilə tədris prosesinə müəssisələrə praktik səfərlər, kitabxana və laboratoriya layihələri, əlavə mühazirə materialları da daxil edilmişdir.

İkinci kurs

Proqramın ikinci kursu riyaziyyat və kimya üzrə müəyyən biliklərlə yanaşı, maye axını, termodinamika, istilik və kütlə transferi, neft-qaz mühəndisliyi sahəsində isə geologiya kimi başlıca mövzuları əhatə edir. Bu mövzular mühazirələr, həmçinin praktik (tyutoriallar) və laboratoriya məşğələləri şəklində tədris olunur. Kurs müddətində həyata keçirilən müxtəlif layihə və laboratoriya məşğələləri tələbələrə praktik təcrübə qazanmaq imkanı yaradır.

Tədris ili ərzində tələbələrə həmçinin öyrədilmiş dərs materialları ilə əlaqədar laboratoriya tapşırıqları, hesablama cədvəllərindən istifadə etməklə kompüter layihələri verilir, layihələndirmə, texniki çertyojlar və tikinti materialları haqqında ümumi ilkin biliklər öyrədilir.

Üçüncü kurs

Üçüncü kursda tədris edilən bütün fənlər sonuncu kursda tədris olunan və müvafiq diplomun verilməsi ilə nəticələnməsi nəzərdə tutulan fənlərin əsasını təşkil edir.

Dördüncü kurs

Tələbələr tədris olunan fənlərdən birinin aparıcı elmi istiqaməti üzrə müvafiq ədəbiyyatlara əsaslanan şəxsi elmi-tədqiqat layihəsi həyata keçirməlidirlər.

Tədris ili ərzində tələbələrə əsas layihə işi verilir onlar müvafiq istehsal zavodu/platformasının texnoloji layihəsi üzərində kiçik qruplarda çalışırlar. Bu, tədris proqramının yekunu olub bütün bu müddət ərzində öyrədilmiş tədris materiallarından əldə olunan biliklərin sənayedə real iş mühitində kifayət qədər dəqiq şərtlər çərçivəsində tətbiqini nəzərdə tutur. Verilmiş layihə tələbəyə dəqiq həlli olmama ehtimalı olan vəziyyətlərdə biliklərini tətbiq edərək kimya mühəndisliyi və neft-qaz mühəndisliyi sahəsində öyrədilmiş biliklərin nə dərəcədə mənimsənildiyini nümayiş etdirmək imkanı yaradır.