AZ / EN / RU
Ömürboyu təhsil haqqında

"Ömürboyu təhsil" anlayışı – bunu həm də fasiləsiz (davamlı, aramsız) təhsil də adlandırırlar, insanların həyat boyu davamlı olaraq yeni biliklərə yiyələnməsini nəzərdə tutur.

Bu anlayış dünyada gedən qloballaşma tendensiyalarından irəli gəlmişdir. Bu tendensiya dünya ölkələrində iqtisadiyyatın, elm və texnikanın, sənaye sahələrinin, texnologiyaların, idarəetmə sistemlərinin sürətli inkişafı və bir ölkədə yaradılıb tətbiq olunan nailiyyətlərin sürətlə digər ölkələrə yayılması ilə bağlıdır. Belə dinamik dəyişmələr nəticəsində hər zaman insanların təhsil aldıqları müddətdə əldə etdiyi biliklər “köhnəlir” və yeni şəraitdə, yeni texnologiyalarla işləmək üçün hətta yüksəkixtisaslı mütəxəssislərdə daim daha müasir biliklərə yiyələnmək zərurəti yaranır. Ona görə də XX əsrin 70-ci illərindən etibarən dünyanın aparıcı ölkələrində müasir biliklərin cəmiyyətdə yayılmasını təmin etmək məqsədilə, “ömürboyu təhsil” və ya “fasiləsiz təhsil” konsepsiyası çərçivəsində əlavə təhsil proqramları həyata keçirilməyə başlamışdır.

Bu proqramlar əsasən ali və orta ixtisas təhsili olan mühəndis-texniki və rəhbər işçilərə, idarəetmədə çalışan mütəxəssislərə yeni biliklər verilməsini nəzərdə tutur. Özü də yeni biliklərə yiyələnən mütəxəssislərin bilik və bacarığının səviyyəsi önəmli olmur, çünki onlar artıq “köhnəlmiş” biliklər hesab olunur.

Zaman keçdikcə “ömürboyu təhsil” konsepsiyası təkcə təhsillilərə yox, orta məktəb və kollec şagirdlərinə, abituriyentlərə, ali orta ixtisas təhsilli müəssisələrinin tələbələrinə, təqaüdçülərə, ümumiyyətlə hər hansı bir fərdə yeni biliklərin və təcrübənin verilməsində geniş istifadə olunmağa başlanmışdır.Belə yanaşma şagirdlərə daha yüksək təhsil almağa hazırlaşmaq, ali təhsillilərə, yaşlı nəslin nümayəndələrinə, mütəxəssislərə isə yeni iş yerləri tapmaqda əvəzedilməz xidmət növü kimi qəbul edilməlidir.

Sadalanan fəaliyyət növlərinin həyata keçirilməsi Bakı Ali Neft Məktəbinin Ömürboyu təhsil fakültəsinin əsas vəzifəsidir.