AZ / EN / RU
Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi

MƏRKƏZ HAQQINDA

Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi SOCAR və E.ON şirkətlərinin birgə əməkdaşlığı ilə Bakı Ali Neft Məkəbinin tərkibində yaradılmışdır. Bu mərkəzin əsas məqsədi külək, günəş, biokütlə, termal, bioloji və s. bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində elmi-tədqiqatların aparılması, bu sahələrin inkişafının təmin edilməsinə yönəlmiş tövsiyələrin işlənib hazırlaması, “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında yüksəkixtisaslı mütəxəssislərin hazırlaması və qeyd edilən sahələrə aid müasir biliklərin yayılmasında iştirakıdır.

 

BƏRPAOLUNAN ENERJİ

Azərbaycan Respublikası yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olmaqla yanaşı, həmçinin  mövcud olan 12 iqlim qurşağından 9-na sahibdir. Bu o deməkdir ki, ölkəmizin yeraltı sərvətlərlə yanaşı (neft, qaz və s.) yerüstü resursları da (günəş, külək, geotermal və s.) kifayət qədərdir. Bu mənbələr bərpaolunan enerji istehsalı üçün çox əhəmiyyətli bir başlangıc nöqtəsidir, çünki Azərbaycanda bu mənbələrin əlverişli təbii şəraiti mövcuddur.

 

Bərpaolunan enerji təbii mənbələrdən (günəş, külək, geotermal, biokütlə və s.) əldə olunan və yenidən bərpa oluna bilən, ətraf mühit üçün təmiz enerji növüdür. Əsas bərpaolunan enerji texnologiyaları:

  • Günəş
  • Külək
  • Geotermal 
  • Hidro
  • Biokütlə

 

ƏHƏMİYYƏTİ

Sürətlə inkişaf edən bəşəriyyətin enerji ehtiyacı hər gün daha çox artır. Hesablamalara görə, bəşəriyyat 2040-ci ildə bugünkü enerji istifadəsindən 56 % daha cox enerji tələb edəcəkdir və bu bərpa olunan enerji mənbələrinin istifadə vacibliyini bir daha ortaya çıxarır. Hal-hazırda əsas enerji mənbələri tükənməkdə olan neft, təbii-qaz və daş kömürdür. Nəticə olaraq bu mənbələr bərpaolunan olmadıgından sürətlə azalmaqdadır, bu isə, artan enerji tələbatının ödənilməsində böyük problemlər yaradacaqdır. Hesablamalara görə, hal-hazırda neftin istifadəsi təbiətin eyni miqdar nefti əvəz etmə sürətindən 100.000 dəfə daha sürətlidir. Bu, neftin, həmçinin də qazın sürətlə tükənməsinin ən böyük gostəricisidir. Bu tükənən enerji mənbələrinə dəstək və həmçinin, artan əhalinin enerji ehtiyacını ödəmək üçün bərpaolunan enerjinin istifadəsi artıq çox vaciblik təşkil edir.

 

MƏRKƏZİN FUNKSİYALARI

  • “Elm-Tədris-İstehsalat” üçbucağı konsepsiyasını əsas xətt kimi qəbul edərək ölkənin elm, təhsil və sənaye müəssisələrinin və biznes strukturalarını vahid məqsəd uğrunda inteqrasiyasının təmini.
  • Müasir texnologiya və laboratoriyalardan istifadə edərək külək, günəş, biokütlə, termal, bioloji və s. bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində elmi-tədqiqatlar aparılması və bu sahələrin inkişafının təmin edilməsinə yönəlmiş tövsiyələrin işlənib hazırlaması.
  • Bərpaolunan enerji sahəsində aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu elmi jurnallarda çap olunması, patentləşdirilməsi və istehsalatda tətbiq olunması.
  • Respublikanın və xarici ölkələrin analoji strukturaları ilə elmi fəaliyyətdə və mütəxəssis hazırlığında  əlaqələrin yaradılması və inkişafı.
  • Müvafiq ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması (magistratura və doktorantura proqramları).
  • Bərpaolunan enerji sahəsində biliklərin yayılması məqsədilə müxtılif yönümlü tədbirlərin, elmi forumların, kursların təşkilində iştirak edilməsi.