AZ / EN / RU
Metodik Şura haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. Metodik Şura Bakı Ali Neft Məktəbinin (BANM) Ömürboyu təhsil fakültəsinin kollegial idarəetmə orqanıdır. Metodik Şura Azərbaycan Respublikasının tədris, təlim-tərbiyə və biliklərin yayılmasına aid qanunvericilik aktlarının, SOCAR-ın daxili normativ sənədlərinin, BANM-in Nizamnaməsinin müvafiq müddəalarının, BANM-in rektorunun əmrlərinin tələblərini və bu Əsasnaməni rəhbər tutaraq hər tədris ili üzrə hazırlanmış və təsdiq olunmuş iş planı əsasında fəaliyyət göstərir.

2. Metodik Şuranın vəzifələri

2.1. Metodik Şuranın vəzifələri aşağıdakılardır:

2.1.1. BANM-də 1-ci kursda fənlərin tədrisinin və təlim-tərbiyə işinin təşkili ilə bağlı təşkilatı, metodiki və s. məsələlərlə bağlı müzakirələr aparmaq, qərarlar qəbul etmək, qərarların icrasına nəzarəti təmin etmək;

2.1.2. BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində həyata keçirilən tədris, təlim və biliklərin yayılması işlərinin təşkili ilə bağlı təşkilatı, metodiki, inzibati-təsərrüfat və s. məsələlərlə bağlı müzakirələr aparmaq, qərarlar qəbul etmək, qərarların icrasına nəzarəti təmin etmək;

2.1.3. Ömürboyu təhsil fakültəsinin strukturuna daxil olan bölmələrlə və fakültənin fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlərə iştirak edən digər bölmələrlə dekanlığın fəaliyyətinin əlaqələndirilməsinin, birgə fəaliyyətin səmərəsinin artırılması ilə bağlı rektorluğa təkliflər vermək, müzakirələr aparmaq, qərarlar qəbul etmək və onları həyata keçirmək;

2.1.4. 1-ci kurs tələbələrinə ingilis dili və kompüter biliklərinin verilməsi, “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması sahəsində beynəlxalq təcrübəni öyrənmək və fakültədə tətbiqi üçün tədbirlər həyata keçirmək;

2.1.5. Fakültənin və onun struktur bölmələrinin fəaliyyətinə aid olan, BANM-də və kənar təşkilatlarda tərtib olunmuş tədris vəsaitlərinin müzakirəsini təşkil etmək və rəy vermək

3. Metodik Şuranın tərkibinin formalaşdırılması

3.1. Metodik Şuranın tərkibinə tutduğu vəzifələrə görə Ömürboyu təhsil fakültəsinin dekanı və metodisti, İngilis dili və humanitar fənlər mərkəzinin və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdirləri və müəllimləri, mütəxəssis hazırlığı həyata keçirən digər kafedraların, Tədris-metodiki şöbənin, Keyfiyyətin təminatı şöbəsinin, Tələbələrlə iş şöbəsinin, Beynəlxalq əlaqələr şöbəsinin və Həmkarlar ittifaqı komitəsinin nümayəndələri daxil edilir.

3.2. Metodik Şura 3 tədris ili müddətində səlahiyyətə malikdir.

4. Metodik Şuranın fəaliyyətinin təşkili

4.1. Metodik Şuraya Ömürboyu təhsil fakültəsinin dekanı sədrlik edir.

4.2. Metodik Şuranın iclasları ayda bir dəfədən az olmayaraq çağırılır.

4.3. Metodik Şuranın katibi sədrlə birlikdə təsdiq olunmuş iş planına uyğun olaraq məsələləri müzakirəyə hazırlayır və şura üzvlərini, müzakirəyə qoşulub qərar qəbul edilməsinə töhfə verə biləcək, məsələnin maraq dairəsində olan aidiyyəti vəzifəli şəxsləri iclasın gündəliyi, tarixi, vaxtı və yeri haqqında bir həftə öncə məlumatlandırır. Müzakirə ediləcək məsələ üzrə qərar layihəsi hazırlanır və iclasdan əvvəl şura üzvlərinə paylanılır.

4.4. Metodik Şuranın iclası gündəliyin təsdiqi ilə başlayır. Hər məsələ üzrə məruzə (məlumat) dinlənilir, suallar verilir və cavablandırır, tələb olunarsa arayışlar dinlənilir, daha sonra müzakirələr açılır, müzakirələr bitdikdən sonra qərar layihəsi diqqətə çatdırılır və çıxışlarda səslənən təkliflər, dəyişikliklər və əlavələr nəzərə alınmaqla yekun qərar səsə qoyulur və qəbul olunur.

4.5. Zəruri hallarda Şuranın sədri hər hansı məsələnin müzakirəsinə digər əməkdaşları və kənardan mütəxəssisləri cəlb edə bilər.

4.6. Şuranın iclası üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir.

4.7. Müzakirə edilən məsələlər iclasda iştirak edən şura üzvlərinin 50%-dən çoxu səs verdikdə qəbul edilir.

4.8. Metodik Şuranın qəbul etdiyi qərarlar tövsiyyə xarakterli daşıyır, onların bir qismi aidiyyəti struktur bölmələri tərəfindən birbaşa, daha əhəmiyyətli məsələlər üzrə qərarlar isə rektorun əmrləri əsasında yerinə yetirilir.

4.9. Metodik Şuranın iclasları protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır, fakültənin dekanlığında saxlanılır.

4.10. Şuranın katibi qəbul edilmiş qərarların qeydiyyatını aparır, onların yerlərə çatdırılmasını, icrasına nəzarəti həyata keçirir və icrasının nəticələri haqqında məlumatları Şuranın növbəti iclaslarında üzvlərin diqqətinə çatdırır.

4.11. Metodik Şuranın sədri, Ömürboyu təhsil fakültəsinin dekanı Şuranın iclaslarında müzakirə edilən məsələlərlə bağlı tədrisi və idarəetməni həyata keçirən bütün struktur bölmələrindən zəruri məlumatları tələb etmək hüququna malikdir, həmin bölmələrin rəhbərləri isə bu sorğuları cavablandırmalıdırlar.

5. Digər müddəalar

5.1. BANM-in fəaliyyətini tənzimləyən hər hansı aktların, rəhbər sənədlərin müddəalarına dəyişiklik edilərsə, Metodik Şura haqqında bu Əsasnaməyə də müvafiq dəyişiklik edilir.

5.2. Əsasnaməyə edilən dəyişiklik Metodik Şuranın iclasında müzakirə olunduqdan və bəyənildikdən sonra rektorun əmri ilə qüvvəyə minir.