AZ / EN / RU
BANM Tarixi

Bakı Ali Neft Məktəbin yaranma tarixi haqqında

Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında" 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə yaradılmışdır.

2012-ci ilin yanvar ayında Böyük Britaniyanın Edinburq şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov və Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman tərəfindən Bakı Ali Neft Məktəbi ilə mütəxəssis hazırlığında əməkdaşlıq haqqında "Anlaşma Memorandumu" imzalanmışdır.

2012-ci ilin fevral ayının 29-da Bakı Ali Neft Məktəbinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə nazirliyində Dövlət qeydiyyatından keçmişdir.

2012-ci ilin mart-avqust aylarında Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Neft-kimya Prosesləri İnstitutunun binasında Bakı Ali Neft Məktəbinin fəaliyyətə başlaması üçün təmir-tikinti işləri aparılmışdır.

2012-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsinə təyin edilmişdir.

2012-ci ilin may ayının 26-da Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman birgə mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərini özündə əks etdirən müqavilə imzalamışlar.

2012-ci ilin may ayının 31-də Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Ali Neft Məktəbinə "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı üçün 071007 nömrəli xüsusi icazə (lisenziya) vermişdir.

2012-ci ilin aprel-sentyabr ayları ərzində Bakı Ali Neft Məktəbi üçün ayrılmış binada idarəetmə və tədris qurumlarının fəaliyyətini təmin edilməsi üçün müvafiq infrastrukturun yaradılması məqsədilə təkliflər hazırlanıb həyata keçirilmiş, tədris və tədrisi idarə edən struktur bölmələrinin ştatlarına təyinatlar həyata keçirilmiş, "İngilis dili mərkəzi" may ayından, "Kompüter və informasiya-kommunikasiya texnologiyaları" kafedrası iyul ayından fəaliyyətə başlamışdır.

Abituriyentləri Bakı Ali Neft Məktəbinə cəlb etmək üçün 2012-ci ilin aprel-avqust aylarında orta məktəblərdə məzunlarla görüşlər keçirmək və kütləvi informasiya vasitələrində məlumatlar yaymaq yolu ilə tanıtım aksiyaları keçirilmişdir.

2012-ci ilin iyul ayının 19-da Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman tərəfindən Bakı Ali Neft Məktəbində bu universitetin hazırlıq proqramının tətbiqi ilə bağlı müqavilə imzalanmışdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2012-ci ilin avqust ayında keçirdiyi test imtahanlarının nəticələrinə görə aparılan müsabiqədən uğurla keçmiş 116 nəfər, onlardan 58-i "Neft-qaz mühəndisliyi", 58-i "Kimya mühəndisliyi" ixtisaslarına qəbul olmuş və sentyabrın 17-dən hazırlıq mərhələsində tədrisə cəlb olunmuşlar. Qəbulda orta bal 631 olmuşdur.

TQDK-nın 2012-ci ildəki qəbul kampaniyasının nəticələrinə görə tərtib etdiyi reytinq cədvəlində Bakı Ali Neft Məktəbi ölkənin 51 ali təhsil müəssisəsi arasında mütləq lider olmuşdur.

2012-2013-cü tədris ilində hazırlıq mərhələsində təhsil almış 116 tələbədən 112-si "İngilis dili" və "Kompüter və informasiya-kommunikasiya texnologiyaları" fənlərindən imtahanları müvəffəqiyyətlə verərək 2013-cü ilin sentyabr ayından Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında "Neft-qaz mühəndisliyi" (56 nəfər) və "Kimya mühəndisliyi" (56 nəfər) ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığı prosesinə qoşulmuşlar.

2013-cü ildə TQDK tərəfindən keçirilmiş test imtahanlarının nəticələri əsasında müsabiqədən keçmiş 50 abituriyent "Neft-qaz mühəndisliyi", 50 "Kimya mühəndisliyi", 20 nəfər isə "Proseslərin avromatlaşdırılması mühəndisliyi" ixtisaslarına qəbul olmuş və sentyabr ayının 16-dan hazırlıq mərhələsində tədris prosesinə qoşulmuşlar. 2013-cü ilin qəbulunun nəticələrinə görə orta bal 656 olmuşdur.

2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində isə, 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Beləliklə, Bakı Ali Neft Məktəbinin hər 9 tələbəsindən biri Prezident təqaüdünə layiq görülüb. Qeyd edək ki, BANM TQDK-nın əsas göstəricilərinə görə daim liderlik mövqeyini saxlayır. 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668.017 orta balla birinci yerdədir.

2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub. 2015/2016-cı tədris ilində BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Bakı Ali Neft Məktəbi ötən müddət ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti də formalaşdıra bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirilib.

2016-2017-cı tədris ilindən Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu istifadəyə veriləcək. Burada ən müasir texnologiyalar tətbiq olunacaq və zəngin maddi-texniki bazaya malik olan laboratoriyalar istifadəyə veriləcək. BANM-in xarici şirkətlərlə əməkdaşlıq, yerli və xarici şirkətlərin peşəkar mütəxəssisləri tərəfindən BANM-də tələbələr üçün təlimlər, mühazirələrin təşkil olunması, BANM tələbələrinin təhsillə yanaşı, həm də müxtəlif ictimai layihələrdə yüksək nəticələr göstərməsi, qısa müddət ərzində ictimaiyyət arasında qazanılan etibar və bu kimi digər nailiyyətləri Azərbaycanın ən yüksək intellektli gəncliyini burada təhsil almağa cəlb edir.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə Ali Məktəbdir ki, ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) sertifikatlarını almışdır.

Çox qısa zaman müddətində BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilmişdir. Bu gün BANM ölkəmizdə ən öndə gedən ali təhsil müəssisəsidir. BANM Azərbaycanda peşəkar mühəndis kadrların hazırlanmasında liderdir. BANM tələbələri bütün transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın bütün müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.