AZ / EN / RU
Elmi tədqiqatlar

Elmi-tədqiqat

Hazırda BANM-in üç elmi-tədqiqat müəssisəsi ilə müqavilələri mövcuddur. BANM və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqavilə Ali Məktəbdə həyata keçirilən tədris prosesində ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutur.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), ARDNŞ-nin Neftqazelmitədqiqatlayihə İnstitutu və BANM arasında imzalanmış müqavilə tədris laboratoriyalarının yaradılmasında Ali Məktəbə dəstək olacaq, tələbələr hər iki institutun sənaye laboratoriyalarında praktik təcrübələr keçəcək, həmçinin birgə layihələrin həyata keçirilməsində iştirak edəcəklər.

NKPİ və Neftqazelmitədqiqatlayihə İnstitutunda BANM tələbələri hər iki qurumun təşkil etdiyi elmi konfranslarda iştirak edəcək, BANM-də müvafiq institutların elmi işçilərinin dərs deməsi məqsədi ilə zəruri şərait və imkanlar yaradılacaq, gələcək məzunlar isə institutların laboratoriyalarında işləmək imkanı əldə edəcəklər.

Neft-qaz mühəndisliyi kafedrasında həyata keçirilən elmi-tədqiqat işləri

1. Qazma məhlulunun xüsusiyyətlərinin idarə edilməsi üçün nanosistemlərin tətbiqi.

Müxtəlif laylarda aparılan qazma prosesi zamanı qazma məhlulunun xüsusiyyətlərini davamlı olaraq dəyişmək lazımdır. Adətən, bu məqsəd ilə konkret qorizonta uyğun olan müxtəlif kimyəvi və sintetik dolduruculardan da istifadə olunur. Məhlulun xüsusiyyətlərini idarə etmək məqsədi ilə standart qazma məhlullarını maqnit sahəsi ilə işləmək təklif olunur.

2. Neft hasilatının səmərəliliyini artırmaq məqsədi ilə maqnit sahələrin tətbiqi.

Bu elmi-tədqiqat işində neft hasilatı prosesinə maqnit sahələrin təsiri məsələsi araşdırılır. Layın quyudibi zonasının işlənməsində tətbiq olunan və laya vurulan su və maye məhlulların müxtəlif maqnit sahələri ilə işlənməsi təklif edilir. Maqnit sahəsinin gərginliyini tənzimləməklə zəruri effekti almaq məqsədi ilə sistemə məqsədəuyğun şəkildə təsir etmək mümkündür.

3. Neft-qaz məhlulunun doyma təzyiqinin tənzimlənməsi.

İqtisadi nöqteyi-nəzərdən neft-qaz məhlulunun əldə olunması, həmçinin borular vasitəsi ilə daşınmasının ən optimal üsulu qazla neftin tam olaraq həll edilməsi prosesidir. Buna isə neft–qaz məhlulunun müxtəlif faktorların təsirinə məruz qalan təzyiqinin miqdarı haqqında məlumata malik olmaqla nail olmaq olar. Bu araşdırmada konkret şəraitlərdə neft-qaz məhlulunun vəziyyəti təhlil edilir və müvafiq tədbirlər təklif olunur.