AZ / EN / RU
Struktur

“Kimya mühəndisliyi” ixtisasını seçən tələbələr 1 illik hazırlıq proqramı daxil olmaqla 5 illik tədris proqramından keçirlər. Dərslər kafedranın professor-müəllim heyəti tərəfindən ingilis dilində keçirilir. Bu ixtisasda təhsil alan tələbələr kimya mühəndisləri üçün səciyyəvi fənlər sayılan maye mexanikası, kütlə və istilik daşınması, prosesin analiz və dizayn olunması, prosesə nəzarət və onun iqtisadiyyatını öyrənirlər.

Tələbələrə 1-ci tədris ilində gələcək mühəndislər üçün təməl sayılan “Kimyanın əsasları”, “Mühəndislər və alimlər üçün riyaziyyat”, “Kimyəvi reaktivlik”, “Mühəndisliyin əsasları”, “Emal Sənayeləri” və  sonuncu fənnin tədris proqramına əlavə olaraq laboratoriya dərsləri keçirilir. Tələbələr buradakı cihaz və  avadanlıqların köməyi ilə müxtəlif maddələrin fiziki və kimyəvi xassələrini öyrənir, müxtəlif parametrlərin təcrübənin gedişatına olan təsirini müşahidə edirlər.

 2-ci tədris ilində “Emal mühəndisliyi“, “Kimyəvi termodinamika və kimyəvi kinetikaya giriş”,      “Proses layihələndirilməsi” fənləri tədris olunur. Bu tədris ilindən müvəffəq olan tələbələr kimya mühəndisləri üçün ən vacib dərslərdən hesab olunan termodinamikanın nəzəri biliklərinə yiyələnirlər.

3-cü tədris ilində tələbələrə “Kimyəvi reaksiyalar üzrə mühəndislik”, “Separasiya prosesləri”, “İdarəetmənin əsasları, təhlükəsizlik və davamlılıq”, “Kimya mühəndisləri üçün materiallar kimyası”, “Çoxfazalı termodinamika”, “Proses modelləşdirilməsi” fənləri tədris olunur. Bununla yanaşı, “Proses layihələndirilməsi”ndə istifadə olunan müasir proqramlarla işləmək qaydaları öyrədilir. Tələbələr mühəndislik laboratoriyalarında sənayedə istifadə olunan əsas mühəndislik avadanlıqlarının kiçik modelləri üzərində müəyyən ölçmələr apararaq mühəndislik bacarıqlarını daha da təkmilləşdirirlər.

 

Sonuncu ildə tələbələrə “Qurğu əməliyyatları”, “Davamlılıq, sağlamlıq və təhlükəsizlik”, “Layihənin hazırlanması”, “Tədqiqat layihəsi”, “Enerji istehsalı və istifadəsi”, “Reaksiya, onun modelləşdirilməsi və ona nəzarət”, “Neft və qazın emalı” fənləri və sənayedəki kimya proseslərinin optimallaşdırılması üçün zəruri olan mühəndislik bacarıqları öyrədilir. Tələbələr 4 illik bakalavr təhsillərini hər hansı bir aktual mövzuda araşdırılan elmi-tədqiqat işləri ilə tamamlayırlar.