AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin Elmi Şurası haqqında Əsasnamə

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektorunun 16 aprel 2015-ci il tarixli

SOCAR/15-3300/07-03-000028 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

  1. Ümumi müddəalar
  • Elmi Şura Bakı Ali Neft Məktəbinin (bundan sonra BANM adlanacaq) ali idarəetmə orqanıdır. Elmi Şura Azərbaycan Respublikasının təhsil, təlim-tərbiyə, elmi, beynəlxalq və inzibati-təsərrüfat fəaliyyətinə aid qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daxili normativ sənədlərini rəhbər tutan, BANM-in Nizamnaməsinə, BANM-in rektorunun (bundan sonra “rektor” adlanacaq) əmrlərinə və bu Əsasnaməyə uyğun olaraq hər tədris ili üzrə hazırlanmış və müvafiq qaydada təsdiq olunmuş iş planı əsasında fəaliyyət göstərir.

 

  1. Elmi Şuranın vəzifələri
  • Elmi Şuranın əsas vəzifələri aşağıdakılardır:
  • BANM-in Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin verilməsi;
  • rektorun BANM-in illik fəaliyyəti haqqında hesabatlarının dinlənilməsi, müzakirəsi və müvafiq qərarların qəbul edilməsi;
  • görkəmli şəxslərə və əməkdaşlara fəxri adların, orden və medalların verilməsi haqqında təkliflərin verilməsi;
  • tələbələrə adlı təqaüdlərin verilməsi haqqında qərarların çıxarılması;
  • BANM-in perspektiv inkişafı planlarının müzakirəsi və qərarların qəbul edilməsi;
  • BANM-in tədris, təlim-tərbiyə fəaliyyəti üzrə:
  • Tələbə qəbulu, mütəxəssis hazırlığı həyata keçirilən ixtisaslar üzrə tədris planları və proqramlarının, həyata keçirilən beynəlxalq tədris proqramlarının müzakirəsi və qəbul edilməsi;
  • Müxtəlif təhsil səviyyələrində mütəxəssis hazırlığının təşkili, bu prosesin aralıq və illik nəticələrinin müzakirəsi və tədris, təlim-tərbiyə işinin keyfiyyətinin daim yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması;
  • Tədris, təlim-tərbiyə işinin təşkilini təkmilləşdirmək üçün müvafiq struktur bölmələrin yaradılması və yaxud yenidən təşkili ilə bağlı müzakirələrin aparılması və təkliflərin verilməsi;
  • Tədris, təlim-tərbiyə işi ilə bağlı BANM-in digər əhəmiyyətli problemləri üzrə müzakirələrin  aparılması və qərarların qəbul edilməsi;
  • SOCAR-ın 18.12.2014-cü il tarixli, ARDNŞ/14-1000/01/SM-04-000130 nömrəli əmrinin və “Azərbaycan Respublikasının Təhsil Nazirinin 09.03.2011-ci il tarixli, 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tələbləri nəzərə alınmaqla struktur bölmələr və vəzifələr üzrə vakansiyalara təyinat üçün yüksəkixtisaslı mütəxəssislərin seçimi və rəsmiləşdirilməsi
  • BANM-in elmi işləri üzrə:
  • Perspektiv elmi-tədqiqat işlərinin planlarını, o cümlədən SOCAR tərəfindən maliyyələşdirilən elmi tədqiqat işlərinin planlarının müzakirə edilməsi və qərarların qəbul edilməsi;
  • İxtiraçılıq, patent-lisenziya və innovasiya fəaliyyəti ilə bağlı problemlərin müzakirəsinin  təşkili və müvafiq təkliflərin verilməsi;
  • Elmi və  elmi-pedaqoji kadrların  attestasiyasının  təşkili  ilə bağlı müzakirələrin keçirilməsi və təkliflərin hazırlanması;
  • Elmi-tədqiqat fəaliyyətinin nəticələrini özündə əks etdirən aralıq və illik hesabatların  müzakirəsinin təşkili və müvafiq qərarların qəbul edilməsi;
  • Elmi və elmi-pedaqoji kadrlarının digər elm və tədris mərkəzlərinin nəzdində fəaliyyət göstərən elmi və elmi-texniki şuraların tərkiblərinə daxil edilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsi.
  • BANM-in beynəlxalq əlaqələri üzrə:
  • Xarici ölkələrdə fəaliyyət göstərən elm və təhsil mərkəzləri, şirkətlər və müəssisələrlə, eləcə də ölkədə fəaliyyət göstərən beynəlxalq şirkət və təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın yaradılmasına aid proqramların müzakirə edilməsi və təkliflərin verilməsi;
  • Beynəlxalq əməkdaşlığın aralıq və illik nəticələrinin müzakirəsi və bununla əlaqədar  qərarların qəbul edilməsi.
  • BANM-in inzibati-təsərrüfat fəaliyyəti üzrə:
  • Maddi-texniki bazanın möhkəmləndirilməsi və inkişafı ilə bağlı müzakirələrin keçirilməsi və təkliflərin hazırlanması;
  • Hər təqvim ili üçün tərtib olunmuş maliyyə planının müzakirəsinin keçirilməsi və təkliflərin hazırlanması;
  • Maliyyə planının icrası ilə bağlı aralıq və illik hesabatların müzakirəsi və qərarların qəbul  edilməsi;
  • İnzibati-təsərrüfat fəaliyyəti ilə bağlı digər problemlərin müzakirəsi və qərarların qəbul edilməsi.
  • Elmi Şura zəruri hallarda BANM-in bütün fəaliyyət növləri üzrə digər vacib problemlərin həlli ilə əlaqədar müzakirələr aparır, təkliflər hazırlayır və səlahiyyəti daxilində qərarlar qəbul edir.

 

  1. Elmi Şuranın tərkibinin formalaşdırılması
  • Elmi Şuranın tərkibinə BANM-in rəhbər işçiləri, tədris, təlim-tərbiyə, elmi, beynəlxalq və inzibati-təsərrüfat fəaliyyətini idarə edən struktur bölmələrin, fakültələrin və kafedraların rəhbərləri, əməkdaşların və tələbələrin həmkarlar ittifaqlarının və tələbə-gənclər təşkilatının nümayəndələri daxildir. Zəruri hallarda Elmi Şuranın tərkibinə digər elm və tədris mərkəzlərinin, şirkətlərin və müəssisələrin nümayəndələri daxil edilə bilər.
  • Elmi Şuranın say tərkibi  BANM-in rektoru tərəfindən müəyyən edilir.
  • Tutduğu vəzifələrinə görə BANM-in rektoru, prorektorlar, elmi katib, kitabxananın müdiri, tədris, təlim-tərbiyə, elmi, beynəlxalq və təsərrüfat fəaliyyətinə nəzarət edən struktur bölmələrin rəhbərləri, fakültə dekanları, kafedra müdirləri, həmkarlar ittifaqlarının və tələbə-gənclər təşkilatının rəhbərləri Elmi Şuranın tərkibinə daxildir.
  • BANM-in rektoru Elmi Şuranın üzvlüyünə ümumi say tərkibinin 10%-nə qədərini təyin edə bilər. Bu zaman BANM-in müvafiq struktur bölmələrinin (şöbələrin, fakültələrin, kafedraların) Elmi Şurada nümayəndəlik balansı pozulmamalıdır.
  • Elmi Şuranın tərkibində qalan yerlərə əməkdaşlar fakültələrin tədris və elmi qurumlarının əməkdaşlarının ümumi iclaslarında sadə səs çoxluğu (iştirakçıların 50%-dən çoxu ilə səs verərsə) ilə seçilirlər. Bu zaman fakültələr üçün ayrılmış yerlərin sayı fakültələrdəki tələbələrin və professor-müəllim heyətinin və elmi-mühəndis işçilərinin sayına mütənasib olaraq müəyyən edilir.
  • Elmi Şuranın fəaliyyəti dövründə hər hansı səbəbdən üzvlərdən biri Şuranı tərk edərsə, 3.3. 3.4. və 3.5.-ci bəndlərdəki qaydalara müvafiq olaraq Elmi Şuranın tərkibinə yeni üzv daxil edilir.
  • Elmi Şura 3 tədris ili müddətində səlahiyyətə malikdir. Müstəsna hallarda üzvlərinin 2/3 hissəsinin tələbi ilə Elmi Şura vaxtından əvvəl yeni tərkibdə formalaşdırıla bilər.

 

Elmi Şuranın fəaliyyətinin təşkili

  • Elmi Şuranın fəaliyyətinə onun sədri - BANM-in rektoru rəhbərlik edir. İlk iclasda tədris və/və ya elmi işlər üzrə prorektorlardan biri sədrin müavini, üzvlərdən biri Elmi Şuranın elmi katibi vəzifəsinə seçilir.
  • Elmi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.
  • Şuranın elmi katibi, sədr və sədr müavini ilə birlikdə iş planına müvafiq olaraq müxtəlif məsələləri iclaslarda müzakirəyə hazırlayır. Hər bir məsələ haqqında müzakirənin məzmununa mühüm töhfə verə biləcək və məsələnin maraq dairəsində olan aidiyyəti vəzifəli şəxslər (məruzəçi) müəyyən edilir, qərar layihəsi hazırlanır və iclasdan əvvəl üzvlərə paylanılır.
  • Elmi Şuranın iclaslarının yeri, vaxtı və gündəliyi haqqında məlumatlar BANM-in elmi katibi tərəfindən 1 həftə əvvəl rəsmi surətdə elan olunur.
  • Elmi Şuranın iclası gündəliyin təsdiqi ilə başlanır. Daha sonra hər məsələ üzrə məruzə dinlənilir, sədr məruzəçilərə suallar verir, məsələ üzrə əlavə arayışların verilməsini təmin edir və daha sonra məsələ üzrə geniş müzakirə açır. Müzakirələrdən sonra qərar layihəsi diqqətə çatdırılır və iclasda səslənən təkliflər nəzərə alınmaqla yekun qərar qəbul edilir.
  • Elmi Şuranın sədri müzakirələrdə şuranın üzvlərindən başqa digər maraq göstərən əməkdaşların iştirakına və onların müzakirələrə qoşulmasına və təklif vermələrinə şərait yaradır.
  • Elmi Şuranın iclası üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.
  • Müvafiq vəzifələrə seçkilər və fəxri adların verilməsi ilə bağlı məsələlər üzrə qərarları Elmi Şura gizli səsvermə və sadə səs çoxluğu ilə, digər məsələlər üzrə isə açıq səsvermə yolu ilə (iştirakçılardan 50%-dən çoxu səs verərsə) ilə qəbul edir.
  • Elmi Şuranın qərarları bir qayda olaraq tövsiyə xarakteri daşıyır. Həmin qərarların icrasını təmin etmək üçün BANM-in rektoru müvafiq əmrlər verir.
  • Elmi Şurada müzakirəyə çıxarılacaq məsələlər üzrə ilkin araşdırmalar aparmaq və müvafiq təkliflər hazırlamaq məqsədilə onun nəzdində iki təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradılır. Hər iki komissiyanın tərkib heyətinin 50%-i Elmi Şura üzvlərindən və 50%-i digər mütəxəssislərdən ibarət olmaqla təşkil edilir.
  • Qəbul edilmiş qərarların icrasına nəzarət etmək üçün Elmi Şuranın elmi katibinin rəhbərliyi altında nəzarət qrupu yaradılır. Bu qrupun tərkib heyətinin 50%-i Şura üzvlərindən, 50%-i isə digər mütəxəssislərdən təşkil olunur. Bu qrup Elmi Şuranın qərarlarının icrası üçün əmrlərin verilib-verilmədiyini və onların icrasının nəticələrini yoxlayır və nəticələr haqqında rübdə bir dəfə Elmi Şuraya hesabat verir.
  • Elmi Şuranın iclasları protokollaşdırılır. Protokol Elmi Şuranın sədri və elmi katib tərəfindən imzalandıqdan sonra elmi katibdə saxlanılır.
  • Elmi Şuranın qəbul etdiyi qərarlar qüvvədə olan qanunvericilik aktlarının və SOCAR-ın müvafiq daxili normativ sənədlərinin müddəalarına zidd olduqda, etibarsız hesab edilir.

 

      5 Digər müddəalar

  • BANM-in fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik aktlarının müddəalarına dəyişikliklər edilərsə, Elmi Şura haqqında əsasnamədə də müvafiq dəyişikliklər edilir.
  • Əsasnaməyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüs hüququ BANM-in rektoru və Elmi Şuranın üzvlərinin 2/3 hissəsinə məxsusdur.