AZ / EN / RU
Erasmus bizə nə qazandırdı

 Hal-hazırda Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin 5-ci kursunda təhsil alırıq. 4-cü kursun ikinci semesterində universitetimizin təşkilatçılığı ilə Erasmus+ proqramı çərçivəsində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində bir semesterlik təhsil almaq şansı yarandı. Xaricdə təhsil almaq təcrübəsi həmişə marağımızda olduğu üçün dərhal müraciət etmək qərarına gəldik və bu şansı qazandıq.

Erasmus haqqında çox eşitmişdik. Hamı inanılmaz bir təcrübə olduğunu söyləyirdi, amma öz gözlərinlə görməmiş deyilənləri çox da başa düşmək olmur. Erasmus yalnız təhsil mübadiləsi deyil, həm də mədəniyyətlərin, tarixlərin, dillərin, dinlərin və s. mübadiləsidir. Afinada yüzlərlə Erasmus tələbəsi var idi və hər biri müxtəlif ölkələrin nümayəndələri idi. Eyni universitetdə təhsil almasan belə, Erasmus fəaliyyətlərində onlarla söhbət etmək, fikir mübadiləsi aparmaq, dost olmaq, fikrimizcə, əvəzolunmaz bir təcrübədir. Bununla bərabər, yerli tələbələrlə və digər yerli insanlarla ünsiyyətdə olmaq, Yunanıstanı gəzib tarixini, mədəniyyətini öyrənməklə biz Yunanıstana da daha sıx bağlandıq. Universitetdə professorlarımızın, yerli tələbələrin, və Erasmus könüllülərinin bizə xoş münasibəti bizi oranı daha da çox sevməyə sövq etdi.

Yunanıstan elə xoş təəssüratlarla yadımızda qalıb ki, hətta fürsət düşsə, bir daha Erasmus proqramına qatılmaq istəyərdik. Erasmus bizə Avropanın demək olar ki, istənilən ölkəsindən dostlar, unudulmaz xatirələr və təəssüratlar qazandırdı. İstər öz universitetimiz tərəfindən, istər Pirey universiteti tərəfindən bu işdə bizə köməyi dəymiş bütün şəxslərə təşəkkürümüzü bildiririk.

Bir fikri hər zaman deyə bilərik ki, hər bir tələbə Erasmus təcrübəsini həyatında heç olmasa bir dəfə yaşamalıdır.

 

Məmməd Cəbrayılov və Rəhimli Rəhim.