AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri Erasmus+ proqramı haqqında

Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında təhsil alan dördüncü kurs tələbələri - Rəmziyyə Qarazadə, Mədinə Şükürlü, Gülşən Hacıbalayeva, Əmiraslan Baxışlı və Eltun İbrahimov 2017/2018-ci tədris ilinin qış semestrı ərzində  Erasmus+ proqramı çərçivəsində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində təhsil almışlar. Tələbələrimiz Erasmus+ proqramı və Yunanıstanda qaldıqları zamanı belə xatırlayırlar: Erasmus+ tələbəsi olmaq şansını əldə etmək bizim üçün çox gözlənilməz və çox sevindirici oldu. İlk dəfə Avropa ölkəsinə yola düşəcəkdik, ilk dəfə uzun müddət – 4 ay valideynlərimizdən, vətənimizdən uzaq olacaqdıq. Azərbaycan gənci olaraq üzərimizə böyük vəzifə düşürdü - ölkəmizi, təhsil aldığımız ali məktəbi getdiyimiz ölkədə layiqincə təmsil etmək! Yunanıstanda keçirdiyimiz ilk günlər bir qədər çətin olsa da, zaman keçdikçə ora öyrəşdik və Erasmus tələbəsi olmağın üstünlüklərindən istifadə etməyə çalışdıq.

Erasmus bizə təkcə Avropa universitetlərinin təhsil almaq şansı deyil, həm də dünyagörüşümüzü artırmaq, Türkiyə, Yunanıstan, Rusiya, Ukrayna, Fransa, Özbəkistan, və s. kimi ölkələrdən dostlar qazanmaq, həyat təcrübəsi qazanmaq şansı əldə etdirdi.

Erasmus+ proqramı çərçivəsində təşkil olunan turlarda iştirak, qədim Yunanıstanın tarixi, gəzməli yerlərini ziyarət etmək, 9 Noyabr “Dövlət Bayraq Günü”nü böyük təmtəraqla qeyd edib, Azərbaycanın qüdrətini, milli mədəniyyətini Avropaya nümayiş etdirmək, Avropanın istənilən ölkəsinə asanlıqla getmək həyatımızda silinməz hərflərlə yazılan xatirələrdən oldu. Praktiki və nəzəri yönümlü keçirilən dərslər, savadlı və mehriban müəllimlər biz tələbələrin inkişafında böyük rol oynadı və Avropa təhsilini öz ölkəmizin təhsili ilə müqayisə etməyə imkan yaratdı. Yunanıstanda keçirdiyimiz 4 ay ərzində biz böyük təcrübə qazandıq. Buna şərait yaradan  Bakı Ali Neft Məktəbinə öz dərin təşəkkürümüzü bildiririk.