AZ / EN / RU
Sənaye şirkətləri ilə əməkdaşlıq

Məlumdur ki, Bakı Ali Neft Məktəbində (BANM) əsas istehsal sahəsi neft və qazdır. BANM-in “Kompüter və İKT” kafedrasının nəzdində olan Proseslərin avtomatlaşdırılması mühəndisliyi neft-qaz proseslərinin avtomatlaşdırılması üzrə mütəxəssis hazırlığı ilə məşğuldur. Bu sahədə kafedra transmilli şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq sadəcə hər hansı tədris materialların alınmasından ibarət deyil. Həmçinin həmin şirkətlərdə tətbiq olunan IT yeniliklər kafedranın məzmunları ilə inteqrasiya edilir. BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tədris proqramının məzmunu həmin şirkətlərin tələblərinə uyğunlaşdırılır ki, gələcəkdə BANM-in tələbələri SOCAR-la yanaşı digər beynəlxalq transmilli şirkətlərin potensial kadrına çevrilsinlər.

Kafedranın əməkdaşlıq etdiyi belə şirkətlərdən biri "Emerson Process Management"dir. Bu şirkət istehsal proseslərinin idarə edilməsi və istehsal proseslərinin avtomatlaşdırılması sahəsində lazımi texniki avadanlıqlarının istehsalı, quraşdırılması və proqram təminatlarının yazılması ilə məşğuldur. Bu şirkətin bakı nümayəndəliyinin BANM-lə əməkdaşlığı çərçivəsində Ali Məktəbdə tədris laboratoriyasının yaradılmasında böyük dəstəyi vardır. Hal-hazırda Emerson Process Management şirkətinin bakı nümayəndəliyi tərəfindən texnoloji proseslərin idarəedilməsi üçün istifadə olunan nəzarət ölçü cihazlarının bir qrup avadanlıqları alınıb və onların BANM-in yeni kampusunun təlim laboratoriyasında quraşdırılması prosesi gedir. Bu laboratoriyanın əhəmiyyəti ondan ibarətdir ki, orada tələbələrə müxtəlif mövzularda seminarlar, eyni zamanda Emerson mütəxəssisləri tərəfindən tələbələr üçün təlim kursları təşkil olunacaq.

BANM ilə əməkdaşlıq sahələri

8 iyul 2014-cü ildə "Emerson Process Management" şirkəti ilə Əməkdaşlıq haqqında Razılaşma imzalanmışdır.

Müqavilənin məqsədi Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə Azərbaycanda peşəkar kadrların hazırlanmasında təhsil və təlim proqramlarını dəstəkləmək üçün müəyyən tədbirlər görməkdir.

  • Müqavilə ilə Emerson aşağıdakı əməkdaşlıq sahələri üzrə əlaqələrin qurulmasında liderlik təşəbbüsünü öhdəliyinə almışdır:
  • Emerson ekspertləri tərəfindən tələbələrə mühazirə və seminarların verilməsi,
  • Tələbələr üçün praktikaların təşkili,
  • Fərqlənən tələbələrə Emerson tərəfindən mükafatalar (qrantlar, təqaüdlər),
  • Emerson sponsorları tərəfindən xüsusi təlim laboratoriyasının yaradılması. 

Növbəti əməkdaşlıq mərhələsində Emerson şirkəti tərəfindən proseslərin idarə edilməsi üçün müxtəlif proqram təminatının verilməsi və birgə təlimlərin keçirilməsi nəzərdə tutulub.

 

Kafedranın ikinci əməkdaşlıq etdiyi şirkət - dünyada ən böyük ikinci transmilli şirkətlərdən biri olan "Microsoft"dur. Bu şirkət müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Xatırladaq ki, 2014-2015-ci tədris ilində BANM-in “Kompüter və İKT” kafedrasının nəzdində Microsoft Akademiyası və Sertifikatlaşdırma mərkəzi yaradılıb. Akademiya proqramının məqsədi informasiya texnologiyaları sahəsində müasir və yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Bakı Ali Neft Məktəbi peşəkar biliklərin və bacarıqların mənimsənilməsi üçün tələbələri Microsoft şirkətinin yüksək keyfiyyətli təlim texnologiyaları ilə təmin edir. Proqramın imkanları genişdir, belə ki, adi istifadəçilər üçün tətbiqi proqramlar və peşəkar kompüter mütəxəssislərinin istifadə etdiyi xüsusi proqramların təlimi də nəzərdə tutulur. Microsoft şirkətinin sertifikatlaşdırma imtahanlarını uğurla verən tələbələr IT sahəsində öz karyerasını qura bilərlər. İştirakçılar Essential (Baza kursu) və Advanced (Peşəkarlar üçün kurs) səviyyələrini seçə və ya hər iki istiqamətdə hazırlaşa bilərlər. Hər semestr sonunda tələbələr həmin akademiyanın kursunun bir mərhələsini bitirir. Sertifikat BANM-in “Kompüter və İKT” kafedrasının nəzdində fəaliyyət Microsoft Akademiyası və Sertifikatlaşdırma mərkəzi tərəfindən imtahanları uğurlu keçmiş tələbələrə verilir. Kafedranın əsas istiqamətlərindən biri də tədris materiallarının yeniləşdirilməsi, modernləşməsi və dünyaca tanınmış olan universitetlərin tədris məzmunları ilə eyniləşdirilməsidir. Məsələn, İnternet üzərində çoxlu sayda onlayn beynəlxalq səviyyəli akademiyalar var. BANM-in tələbələrinin əksəriyyəti həmin onlayn akademiyalarda qeydiyyatdan keçərək həmin akademiyaların tədris proqramını həm BANM-də həm orda öyrənərək sonda imtahan verirlər. İmtahanda yüksək nəticə əldə edən tələbə həmin akademiyaların beynəlxalq səviyyəli sertifikatlarını qazana bilir. BANM-in tələbələri müxtəlif beynəlxalq şirkətlərin onlayn akademiyası tərəfindən keçirilən imtahanlarında iştirak edərək ümumilikdə 31 sertifikat əldə ediblər. Beynəlxalq şirkətlərin onlayn akademiyalarında ən çox sertifikat almış tələbələr BANM-in tələbələridir. Gələcəkdə BANM-in “Kompüter və İKT” kafedrası və həmkar universitetlərin birgə hazırladığı məzmun əsasında “Elektrik texnikasının əsasları” fənni tədris olunacaq. Eyni zamanda, tələbələrin Oksford universitetinin həmin fənn üzrə keçirdiyi onlayn imtahanında iştirak etmək imkanı olacaq. Qeydiyyatdan keçərək imtahanı uğurla verən tələbələr Oksford Universitetitin sertifikatına sahib ola biləcəklər. Bu prosesin nəticəsində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tədris məzmunu və onun keyfiyyəti top universitetlərin məzmunlarına uyğun olmuş olacaq və gələcəkdə BANM dünyanın aparıcı universitetlər sırasına daxil olacaq. Bu istiqamətdə görülən işlər tələbələri motivasiya edir və Ali Məktəbin diplomunun dünya səviyyəsində tanınmasına yardım edir. Bu istiqamətdə iş əvvəlcədən səmərəli qurulur. BANM-də ABB, Microsoft, İBM, Emerson, Avandsis group, Schineder Electric, Atendau kimi transmilli şirkətlərin akademik işlərdə tətbiq edilməsi üçün təklif etdiyi resurslardan maksimal dərəcədə istifadə edilir. Tələbələr həmin transmilli şirkətlərdə yay istehsalat təcrübəsi keçərək avadanlıqların işlənmə qaydaları ilə yaxından tanış olub və praktiki biliklərini artırıblar. Artıq adları çəkilən transmilli şirkətlər BANM-in tələbələrinə potensial kadr kimi yanaşır. Transmilli şirkətlər BANM-in tələbələrinə xüsusi diqqət göstərir və onları sərgilərdə nümayiş etdirdikləri avadanlıqların və texnikanın göstərişlərinə dəvət edirlər.

Kafedranın əməkdaşlıq etdiyi digər transmilli şirkətlərdən biri dünyada elektroenergetika və avtomatika sahəsində tanınan ABB şirkətidir. 1883-cü ildə təsis edilmiş və hazırda baş ofisi Sürix şəhərində yerləşən bu şirkət dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. ABB şirkəti elektrik, nəzarət-ölçü, idarəetmə və telekommunikasiya sistemlərini, habelə iş dövrü ərzində texniki və layihələndirmə xidmətlərini təklif edir. Şirkətin təmin etdiyi sistemlər və xidmətlər, avadanlığın işlək dövrünü genişləndirməklə istehsalat həcmini artırır, istismar xərclərini isə azaldır, effektivliyi və keyfiyyəti ilə seçilməklə yanaşı, ətraf mühitə minimal təsirləri ilə də fərqlənir.3 dekabr 2014-cü ildə BANM və ABB şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu memorandum çərçivəsində ABB şirkəti ilə BANM-in “Kompüter və İKT” kafedrası səmərəli əməkdaşlıq qurub. Kafedra ABB şirkətinin rəğbətini qazanaraq BANM-in tikilməkdə olan yeni kampusunda Azərbaycanın ali məktəbləri arasında ilk dəfə BANM-in tədris prosesində tətbiq olunacaq böyük simulyasiya mərkəzinin yaradılmasına nail olub. Hal-hazırda simulyasiya mərkəzinin qurulması istiqamətində işlər aparılır. Bu mərkəz tam qurulduqdan sonra nəinki Azərbaycanın bütün regionun ən böyük simulyasiya mərkəzinə çevriləcək. Tələbələrin və SOCAR-ın əməkdaşların istifadəsinə veriləcək mərkəz proseslərin idarə edilməsi, qumlardan məlumatların alınması, serverdə saxlanılması, onların analiz edilməsi, proseslərin simulyasiya edilməsi, proqnozlaşdırılması və digər əməliyyatların aparılması üçün müxtəlif simulyatorlarla təchiz olunur.

Bunlarla yanaşı, mərkəzdə tələbələr arasında diskussiyaların təşkil edilməsi üçün “meeting room” adlı otaq fəaliyyət göstərəcək.

Qeyd edək ki, BANM-in tələbələri ABB şirkətinin onlayn akademiyasının 4 sertifikatına layiq görülüblər. Bu sertifikatlar tələbələrin transmilli şirkətlərdə gələcək karyeralarının qurulmasında böyük rol oynayacaq.

"Avandsis Group" şirkəti dünyada avtomatika sahəsində xidmətlər təklif edən ən böyük şirkətlərdən biridir. Bakı Ali Neft Məktəbi və "Avandsis Group" şirkəti arasında əməkdaşlıq haqqında razılaşma 6 may 2015-ci ildə əldə olunub.

Bu razılaşmaya əsasən "Avandsis group" şirkəti BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki dəstəyin alınmasına və təşkilati tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Bu il tələbələr ilk dəfə olaraq həmin şirkətdə təcrübə keçərək faktiki olaraq idarəetmə sistemlərini, onlarda istifadə olan cihaz və proqram təminatının istifadəsini öyrənmiş və konkret məsələlərin həlli üçün sistemləri layihəndirmişlər.

“Avandsis Group” BANM-ə ən çox dəstək göstərən transmilli şirkətlərdən biridir. Bu şirkət tərəfindən BANM-in yeni kampusunda qurulacaq laboratoriya Ali Məktəbə hədiyyə edilib.

Digər əməkdaş şirkətlərdən biri olan "Atendau" şirkəti evlərin intellektual idarəedilməsi üzrə və smart texnologiyası ilə təmin edən lider şirkətlərdən biridir. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu şirkətdə keçdikləri yay istehsalat təcrübəsi zamanı evlərin intellektual idarəedilməsində istifadə olunan müxtəlif proqram təminatlarının vasitəsilə müxtəlif obyektlər üçün tətbiqi proqramlar yazıblar.

Dünyada ilk kompüter texnikasını təqdim edən İBM şirkəti BANM-in “Kompüter və İKT” kafedrasının ən önəmli həmkar şirkətlərindən biridir. İBM şirkəti kompüter texnologiyası və proqram təminatlarının istehsalı üzrə dünyada ən tanınmış şirkətdir. Azərbaycanda ilk dəfə olaraq tədris müəssisəsi və şirkət arasında əldə olunan razılaşmaya əsasən birgə magistr proqramının hazırlanması nəzərdə tutulur. Beləliklə, İBM şirkəti Ali Məktəbi magistr proqramı ilə təmin edərək, bu proqramı bitirən tələbələri dünyanın ən tələbatlı təcrübəli mütəxəssislərinə çevrilməsinə yardım edəcək.

Avtomatlaşdırılma və energetikada istifadə olunan avadanlıqları istehsalı ilə məşğul olan Schneider Electric şirkəti ilə əməkdaşlıq haqqında razılaşma 6 may 2015-ci ildə əldə olunub.

Bu şirkət proqram təminatı və kadr sistemləri təqdim edir. Qeyd edək ki, BANM-in “Kompüter və İKT” kafedrası və Schneider Electric şirkəti arasında əməkdaşlıq gələcəkdə yeni kampusun laboratoriyalarında şirkətin avadanlıqların qurulması istiqamətində aparılır.

Son olaraq həmkar idarələrdən biri olan Nəzarət Ölçü Cihazları və Avtomatika (NÖC) idarəsi müstəqil təşkilat olaraq SOCAR-ın bir çox sifarişlərini yerinə yetirərək BANM-də tədris prosesinin istehsalatla sıx əlaqədə aparılması üçün öz dəstəyini göstərir. NÖÇ qasid metodu ilə neftin çıxarılmasında istifadə olunan qaz paylayıcı qurğuların layihələndirilməsi, onların istismarı və qurulması ilə məşğuldur. Bu qurğulardan birinin gələcəkdə BANM-in yeni kampusunda qurulması nəzərdə tutulur.

Qeyd edək ki, BANM-in “Kompüter və İKT” kafedrası bütün təklif olunan və təqdim olunan laboratoriya avadanlıqlarının, otaqların 3D formatında layihələndirməsini özü həyata keçirir.