AZ / EN / RU
BANM-in tələbəsi "İdeya var!" müsabiqəsinin qaliblərindən biri oldu

           Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aydın Nəsirzadənin “İdeya var!” layihəsi gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qaliblərindən biri olub. Onun “Mən Əsgərəm!” layihəsi “Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, milli mənəvi dəyərlərin qorunması” nominasiyası üzrə III yerə layiq görülüb. Aydın Nəsirzadəyə onun layihəsinin təqdimatında qrup yoldaşları Adil Rəşidli və Eltun İbrahimov da kömək ediblər.

 

          Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilib. İki ay davam edən müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Azərbaycan Respublikasının 14-29 yaşlı vətəndaşlarının fərdi və müəllif qrupları qaydasında iştirak etdikləri müsabiqə “Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması”, “Qeyri-formal təhsil və gənclərin innovativ yaradıcılığı”, “Ekologiya və sağlam həyat tərzi” və “Sosial həyat” nominasiyaları üzrə təşkil olunub. Ümumi mükafat fondu 4 min manat olan müsabiqəyə respublika üzrə 273 layihə təqdim edilib. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 manat, 2-ci yerin sahibi 300 manat, 3-cü yerə layiq görülən iştirakçı isə 200 manat məbləğində mükafatla təltif edilib.