AZ / EN / RU
BANM-i seçən abituriyent: " Mən bu hədəfimə çatdım"

Qurbanlı Zaur Yusif oğlu 1998-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakı şəhəri Nizami rayonu “Zəngi” liseyində alıb. Orta məktəbdə əsasən riyaziyyatı yaxşı oxuduğunu deyir. Bunun səbəbini babasının, əmisinin və bibisinin riyaziyyatçı olmasında görür. 9-cu sinfi fərqlənmə ilə bitirən Zaur Qurbanlı I ixtisas qrupu üzrə qəbul imtahanında 690 bal toplayıb və Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühənsdisliyi ixtisasını seçib.

Zaur, niyə məhz bu ixtisası seçmisən?

Düşünürəm ki, kompüteri yaxşı bilirəm, ona görə də, bu ixtisas mənə daha maraqlıdır. Kompüterə marağım uşaq vaxtımdan yaranıb, o vaxtlar kompüterdə müxtəlif oyunlar oynayırdım.  Böyüdükcə marağım daha da artdı və mən hazırda özümü bu istiqamətdə daha çox görürəm.

Maraq dairəndə başqa nələr var?

Filmlərə baxmağı çox sevirəm. Uşaqlıqdan film seyr etməyi sevirəm, daha çox  deyərdim ki, əsasən dram və komediya janrında filmləri izləməyi sevirəm. Qəbul imtahanına hazırlaşanda da hərdən filmə baxırdım. Cim Kerri, Leonardo di Kaprio, Bredli Kuper  sevdiyim aktyorlardır. Deyə bilərəm ki, ədəbiyyata meylim elə də olmayıb.

BANM-i seçməyin nə ilə bağlıdır?

Burada həm xaricdə magistraturada təhsilimi davam etdirmək, həm də keçid ballarının yüksək olması məni cəlb edir. Fikrimcə, bu ali məktəb buna görə daha çox fərqlənir. Başqa ali təhsil müəssisələrində yüksək bal yığanlarla orta bal yığan tələbələr bilikdə oxuyurlar, amma burada təhsil alanlar hamısı yüksək ballılar olur. Orta məktəbdən də burada təhsil almağa hazırlaşırdım. 10-cu sinifdən Ali Məktəbin tələbəsi olmağı planlaşdırırdım.

Özünü gələcəkdə necə mütəxəssis kimi təsəvvür edirsən ?

Hansısa bir şirkətin rəhbəri olmaq istəyirəm. BANM-in məzunu olaraq hər hansı bir xarici şirkətdə ən azı proqramçı olmaq istərdim.

Yüksək bal toplamağına inanırdın ?  

Əsas hədəfim 700 bal toplamaq idi. Çünki bacım da bundan öncə öz qəbul imtahanında 700 bal yığıb. İmtahandan  çıxanda  özüm yoxladım və bildim ki, mexaniki səhvim var. Bununla belə, hədəfimə çatmağıma inanırdım və mən bu hədəfimə çatdım.