AZ / EN / RU
Bakı Ali Neft Məktəbi İtaliya və Qazaxıstanla birgə layihə reallaşdıracaq

              Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın Milan-Bikokka Universitetinin İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru xanım Silvana Stefani ilə görüşüb.

 

             Qonağı salamlayan rektor Elmar Qasımov “Yaşıl Enerjinin İdarə Olunması” kimi qlobal təşəbbüslə çıxış edən Silvana Stefaniyə belə bir tədbirin Azərbaycanda da təşkil olunmasına görə təşəkkürünü ifadə edib.  O, “Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunun bütün dünyada olduğu kimi ölkəmizdə də pioritet təşkil etdiyini qeyd edib. Gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayan rektor BANM-in belə faydalı təşəbbüslərə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.

 

             “Hesab edirəm ki, qarşılıqlı səmərəli əməkdaşlıq üçün birgə Memorandumun imzalanması faydalı olar”- deyə E.Qasımov əlavə edib.

 

             “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru xanım Silvana Stefani öz növbəsində yüksək təşkilatçılığa, qonaqpərvərliyə və dəstəyə görə minnətdarlığını bildirib. Bakıda keçirilən Yay Məktəbinin Azərbaycanın enerji sektoruna önəmli töhfələr verəcəyini qeyd edən xanım Silvana Bakı Ali Neft Məktəbinin professor və müəllimlərinin bu kontekstdə mühazirlərini olduqca yüksək qiymətləndirib.

 

             “Bu baxımdan, növbəti illərdə Misir və Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən Yay Məktəblərində Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyətinin iştirakını vacib hesab edirik. Təklif edirəm ki, Milan-Bikokka Universiteti, Bakı Ali Neft Məktəbi və Qazaxıstanın hər hansısa bir ali təhsil müəssisəsi ilə “İnsan kapitalının inkişafı naminə dayanıqlı inkişaf” konsepsiyasına uyğun birgə layihə reallaşdırılsın” –deyə S.Stefani qeyd edib.

 

             Sonda təklifin reallaşdırılması istiqamətində birgə işlərin görülməsi qərara alınıb.

 

             Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupunun dəstəyi ilə Bakıda 24 sentyabradək “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yay Məktəbi keçirilib.