AZ / EN / RU
Bakı Ali Neft Məktəbində növbəti tədris ilindən 20 nigeriyalı tələbə təhsil alacaq

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə BMT-in Təlim və Tədqiqat İnstitutu (UNİTAR) və Nigeriya hökumətinin nümayəndələri ilə onlayn görüş keçirilib.

 

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, UNİTAR-ın İnsanlar və Sosial İnklüziv İnkişaf üzrə bölmənin rəhbəri Aleks Mexia, UNİTAR-ın Nigeriyadakı nümayəndəsi Lari Bomz, Nigeriya hökumətinin Əfv proqramının müvəqqəti rəhbərlik ofisininin təhsil bölməsinin rəhbəri Oyintarela Umeri iştirak edib.

 

Görüşdə Bakı Ali Neft Məktəbi ilə UNİTAR arasında 2019-cu ilin iyul ayında imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı cari məsələlər müzakirə edilib.

 

Qeyd edilib ki, sözügedən Anlaşma Memorandumu əsasında Nigeriyanın neft-qaz sənayesində kadr potensialının gücləndirilməsi layihəsi çərçivəsində 7 nigeriyalı tələbə Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində uğurla təhsil alırlar. Eyni zamanda bildirilib ki, növbəti tədris ilindən etibarən daha 20 tələbənin layihə çərçivəsində Neft-qaz mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə BANM-də təhsil alması istiqamətində tədbirlər görülür.

 

Gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və digər ölkələrdən olan əcnəbi tələbələrin UNİTAR təqaüdü əsasında BANM-də təhsil alması imkanları ətrafında da fikir mübadiləsi aparılıb.