AZ / EN / RU
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib.

 

Konfransın açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik İradə Hüseynova, “Baker Hughes” şirkətinin Rusiya və Xəzər regionunda neft yataqları xidmətləri üzrə vitse-prezidenti Tommy Kassem, “Kinetics Technology” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Niccolo Heilpern, bp şirkətinin baş geoloqu Arzu Cavadova, “SOCAR Polymer” MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi, BANM-in məzunu Bəxtiyar Allahverdiyev, “Halliburton” şirkətinin vitse-prezidenti Kolton Tomas çıxış edib.

 

Tədbirdə “Microsoft-Azərbaycan”, “Schneider Electric”, “bp”, “Bahar Energy Operating Company Limited” şirkətlərinin, AMEA-nın İdarəetmə Sistemləri, Aşqarlar Kimyası, Şərqşünaslıq, Torpaqşünaslıq və Aqrokimya, İqtisadiyyat institutlarının rəhbər şəxsləri, eləcə də Azərbaycan Texniki Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun rektorları və Fransız-Azərbaycan Universitetinin (UFAZ) icraçı direktoru da iştirak edib. Ümumilikdə, onlayn tədbirə 1000-ə yaxın iştirakçı qoşulub.

 

SOCAR strukturuna daxil olan müəssisələrin rəhbərlərinin və media mənsublarının da qatıldığı konfrans öz işini ayrı-ayrı bölmələr üzrə 13-28 aprel tarixləri arasında davam etdirəcək.

 

Konfransı giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq bu konfransın ənənəvi olaraq hər il BANM-də keçirildiyini vurğulayıb. E.Qasımov bildirib ki, 9 illik müddəti əhatə edən konfransın keçirilməsinin əsas məqsədinin tələbələrdə elmə, elmi tədqiqat işlərinə maraq yaratmaq və bu sahədə onlar arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.

 

“Bu konfransların Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunması müasir Azərbaycanın və milli neft strategiyasının banisi olaraq onun şəxsiyyətinə hörmətin təzahürüdür. Artıq iki ildir ki, konfranslar beynəlxalq səviyyədə və onlayn təşkil olunur. Bu kimi konfranslar tələbələrə, gənc tədqiqatçılara bilik və təcrübələrini bölüşmək, tələbələr arasında elmi biliklərin mübadiləsi, o cümlədən tədqiqat nəticələrini ictimaiyyətlə paylaşmaq baxımından geniş imkanlar yaradır” – deyə E.Qasımov əlavə edib.

 

 Rektor bildirib ki, Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları çərçivəsində ilk konfrans “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzusunda baş tutacaq.

 

Daha sonra “Neft-qaz geologiyası və mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi” konfransları təşkil olunacaq.

 

Konfranslara yerli və xarici təhsil müəsissəsələrinin tələbə və gənc tədqiqatçılarının 300-ə qədər  tezisi qəbul edilib.

 

“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransına 131, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi” konfransına 77,  “Neft-qaz geologiyası və mühəndisliyi”  konfransına 46 ədəd tezis təqdim olunub.  BANM üzrə konfransa təqdim olunan  tezislərin sayı isə 117 olub.

 

Tezislər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,  Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Fransız Universitetinin, AMEA-ın Neft-Kimya Prosesləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiyalar, Polimer Materialları, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, İdarəetmə Sistemləri institutlarının, eləcə də digər təhsil müəssisələrinin tələbələ və tədqiqatçıları tərəfindən təqdim olunub.  

 

Beynəlxalq konfransa eyni zamanda, Sahand Texnologiya Universiteti, Orta Doğu Texniki Universitet Şimalı Kipr Kampusu, Ostin Texas Universiteti, Qazaxstan-Britaniya Texniki Universitet kimi xarici universitetlərdən də tezislər qəbul olunub.

 

Digər çıxış edənlər konfransın əhəmiyyətini, tələbələrə istər istehsalat təcrübələrində, istərsə də, elmi tədqiqatlarda müəssisə və şirkətlər tərəfindən şərait yaradılmasının vacibliyini vurğulayıblar. Ali təhsil müəssisələrində verilən fundamental biliklərin onların tədqiqaqtçı kimi yetişməsi üçün baza rolunu oynadığını, təhsil müddətindəki əlavə təcrübə imkanlarının və  bu tip konfransların onların püxtələşməsindəki rolundan bəhs ediblər.