AZ / EN / RU
Buraxılış imtahanlarında ən yüksək bal toplayan abituriyent Bakı Ali Neft Məktəbini seçir

29-30 aprel tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üçün təşkil olunan buraxılış imtahanlarında ən yüksək bal toplayan Ayxan Kazımov Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaq arzusundadır. O, imtahanın ikinci pilləsini də uğurla tamamladıqdan sonra BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasına yiyələnməyi düşünür. A.Kazımov bu arzusuna çatmaq üçün IX sinifdən başlayaraq imtahanlara hazırlaşıb. X sinfin ikinci yarısından etibarən məşğələləri onlayn qaydada davam etdirən abituriyent XI sinifdən etibarən isə məşğələlər ənənəvi qaydada keçib.

 

Qeyd edək ki, imtahan iştirakçıları arasında yalnız 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu Ayxan Kazımov maksimal - 300 bal toplayıb. A.Kazımov 2 il əvvəl IX sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib. O imtahanlarda maksimum bal toplayacağını gözləməsə də, sadəcə, 1-2 sualın cavabında tərəddüd edib. 

 

Məlumat üçün bildirk ki, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına 2018-ci ildən qəbul həyata keçirilir. 2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulu planına əsasən,  dövlət sifarişi və ödənişli əsaslarla olmaqla sözügedən ixtisasa 30 yer nəzərdə tutulub. İxtisas iki il ardıcıl olaraq,  ölkə üzrə ən yüksək keçid balı olan ixtisas kimi “İlin ixtisası” seçilib. İxtisas üzrə ödəniş 4500 AZN təşkil edir.