AZ / EN / RU
Bakı Ali Neft Məktəbində ICESCO ilə pilot layihəyə başlanılır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Bakı Ali Neft Məktəbi (BANM) və “NewSpace Innovation” ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə “ICESCO akseleratoru” adlı yeni pilot layihəyə başlayırlar.

Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcək: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir.

Layihənin birinci mərhələsində milli səviyyədə keçiriləcək yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş ən yaxşı startaplar yerli münsiflər heyəti tərəfindən seçiləcək. Milli səviyyədə keçiriləcək yarışlar 11 sentyabr tarixində iki günlük düşərgə (bootcamp) şəklində başlayacaq və burada komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçiriləcək.

İkinci mərhələdə düşərgə altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcək. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin 3 ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Üçüncü mərhələdə hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat 6 avqust-8 sentyabr tarixlərində keçirilib.