AZ / EN / RU
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul qaydaları

BANM aşağıdakı ixtisaslar üzrə doktorantura proqramlarını təklif edir:

  1. Neft və qaz yataqlarıının işlənməsi və istismarı
  2. Kimya texnologiyası və mühəndisliyi
  3. Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

 Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul qaydaları

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (BANM-nin rektorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında BANM-nin rəsmi saytında elan verilir.

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Xarici dil imtahanı DİM tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi BANM və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti - 3 il.