Xəbərlər

Rəsm və foto müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Ali Neft Məktəbinin (BANM) 10 illik yubileyinə həsr olunmuş “Sənə, bəşəriyyət” adlı foto və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə BANM-in rektoru Elmar Qasımov çıxış edərək tələbələrə uğurlar arzulayıb. Rektor bildirib ki, Ali Məktəbin tələbələrinin yüksək bilik və bacarıqlara malik mütəxəssis olmaları ilə yanaşı, yaradıcılıq qabiliyyətlərini də təqdim etmələri sevindirici haldır: “BANM tələbələri hərtərəfli inkişaf etmiş gənclərdir. Bizim tələbələr həm də Azərbaycan gəncliyinin nümunəsidir. Bu tələbələr xarici ölkələrdə Azərbaycanı təmsil edərkən gənclərimizin yüksək bilik və bacarıqlara, yaradıcılıq qabiliyyətinə malik olduğunu göstərirlər”.

Tədbir BANM-in Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.

Müsabiqəyə ümumilikdə 80 foto və 16 rəsm əsəri təqdim olunub. Münsiflərin qiymətləndirməsi əsasında bir neçə kateqoriya üzrə qaliblər müəyyənləşib.

"Kamera obyektivində BANM” kateqoriyası üzrə qaliblər Neft-qaz mühəndisliyi ixtisasının tələbələri olublar. I yeri IV kurs tələbəsi Sürəyya Yusifova, II yeri III kurs tələbəsi Gülüstan Kərimova, III yeri isə III kurs tələbəsi Mirnicat Cabbarlı bölüşüb.

"Sərbəst mövzu” kateqoriyası üzrə I yerə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Anar Alıyev, II yerə həmin ixtisasın III kurs tələbəsi Famil Həşimov, III yerə Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Firəngiz Süleymanova layiq görülüb.

“Təbiət” kateqoriyası üzrə isə qaliblərin bölgüsü belədir: I yer Kimya mühəndisliyinin IV kurs tələbəsi Rəsul Musayev, II yer Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Müjgan Hüseynli, III yer Neft-qaz mühəndisliyi ixtisasının magistr tələbəsi Alı Əliyev.

Rəsm müsabiqəsinin “Rəngli” kateqoriyasında qalibi Kimya mühəndisliyinin V kurs tələbəsi Pəri Həbibova, “Ağ-qara” kateqoriyasında qalibi isə Neft-qaz mühəndisliyinin II kurs tələbəsi Şumeysə Qardaşova olub.

Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

#banm #bhos #RəsmMüsabiqəsi #fotomüsabiqəsi #mükafatlandırma #banm10il