Xəbərlər

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da olub

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Görüşdə Somalinin Türkiyədəki səfiri Fathudin Ali Mohamed, Xarici işlər Nazirliyinin baş məsləhətçisi Mohamed Mustaf Hajı Hassan, Somalinin Türkiyədəki səfirliyinin I katibi İbrahim Əli Abşir, eləcə də Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov (Somali Federativ Respublikasında qeyri-rezident səfiri) iştirak ediblər.

BANM rektoru Elmar Qasımov Ali Məktəbin fəaliyyəti və beynəlxalq uğurları, eləcə də Kibertəhlükəsizlik və yeni açılan Data Analitikası ixtisasları barədə məlumat verib. Somali tələbələri üçün də burada geniş imkanların mövcud olduğunu qeyd edib.

Bildirilib ki, SOCAR Somalidən olan tələbələr üçün 3 təqaüd yeri ayırıb. Onlar Neft-qaz mühəndisliyi ixtisasının Yatağın qiymətləndirilməsi və idarə olunması ixtisaslaşması üzrə təhsil alacaqlar.

Eyni zamanda, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BANM-a bir neçə somalili namizədlərin müraciəti davam edir.

Öz növbəsində Somali Federativ Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycanda olmaqdan şərəf duyduğunu bildirib. O, Azərbaycanın neft sənayesində qazandığı uğurları yüksək qiymətləndirib və Somalidən olan tələbələrin BANM-da neft-qaz sahəsində təhsil almalarının əhəmiyyətini vurğulayıb. BANM-ın bu sahədəki zəngin təcrübəsinin tələbələr üçün böyük imkanlar yaratdığını qeyd edib.

Nazir əlavə edib ki, gələcəkdə Somalidən olan tələbələr üçün 20 təqaüd yerinin ayrılması planlaşdırılır və bu sayın zamanla artacağına inam böyükdür. Qeyd edib ki, neft-qaz sektoru ilə yanaşı, Kibertəhlükəsizlik və Kompüter mühəndisliyi ixtisasları da Somali üçün xüsusi əhəmiyyət daşıyır. Sonda vurğulayıb ki, tələbələrin BANM-a cəlb olunması istiqamətində səylər davam etdiriləcək.

Eləcə də Somalinin Türkiyədəki səfiri Fathudin Ali Mohamed çıxış edərək ikitərəfli əlaqələrin qurulmasına və genişlənməsinə dəstək verəcəyini bildirib. O, Somalidən olan tələbələrin sayının artmasının bu əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.

Görüş çərçivəsində eyni zamanda BANM və Somali ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Birgə diplom proqramlarının təsis edilməsi imkanları müzakirə olunub. 

Görüşün sonunda Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi cənab nazir Abdisalam Abdi Aliyə təqdim edilib.