Xəbərlər
Bakı Ali Neft Məktəbində “Süni zəkanın transformativ təsiri” mövzusunda Biznes Forum keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Süni zəkanın transformativ təsiri: Biznes, idarəetmə və təhsildə yeni paradiqma” adlı IV BANM Biznes Forumu keçirilib.
Forumun açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov ənənəvi olaraq təşkil olunan forumun bu il də olduqca aktual mövzuya həsr olunduğunu bildirib, tədbir çərçivəsində aparılan müzakirələrin tələbələr və iştirakçılar üçün faydalı olacağına inandığını vurğulayıb. Rektor tələbələri aktiv olmağa, yeni bilik və bacarıqlar əldə etməyə çağırıb.
Forumda çıxış edən SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev, “Megasec” MMC-nin direktoru Qalib Qasımov, “SOCAR Capital” MMC-nin İnsan resursları və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Azad Ömərov süni intellektin biznesə, təhsilə və gündəlik həyata təsiri, gələcək inkişaf tendensiyaları barədə fikirlərini bölüşərək gənclərə tövsiyələr veriblər.
Forumun ikinci hissəsi panel müzakirələri ilə davam edib.
BANM-in Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılovun moderatorluğu ilə keçirilən paneldə “PAŞA Holdinq Qrup”un baş iqtisadçısı Elman Eminov, “SOCAR Capital” MMC-nin baş investisiya direktoru Tolqa Kotan, “ALPHA Coaching & Consulting” şirkətinin idarəedici partnyoru Elçin Əzimli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal məhsulların idarə edilməsi şöbəsinin müdiri Fəridə Fərəcova süni intellektin biznes mühiti, əmək bazarı və idarəetmə proseslərinə təsiri, rəqəmsal transformasiya dövründə tələb olunan yeni bacarıqlar barədə maraqlı müzakirələr aparıblar.
