Xəbərlər

BANM-də SOCAR-ın “Gənc İstedadlar Proqramı” ilə bağlı infosessiya keçirildi

Bakı Ali Neft Məktəbində SOCAR-ın “Gənc İstedadlar Proqramı” (GİP) ilə bağlı infosessiya keçirilib.
Tədbirdə SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəisi Ülkər Behbudova, İşə qəbul şöbəsinin rəisi Həmid İsrafilov, İşə qəbul şöbəsinin rəis müavini Orxan Musayev, İşə qəbul şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisləri Rəşad Ələkbərov və Fidan Eyvazova iştirak ediblər.
Rektor Elmar Qasımov “Gənc İstedadlar Proqramı”nı tələbələrin inkişafı, onların gələcək karyerası istiqamətində önəmli dəstək adlandırıb və bu mühüm təşəbbüsə görə SOCAR rəhbərliyinə təşəkkür edib. Rektor qeyd edib ki, BANM-in 89 məzunu bu proqramın iştirakçısı olub və onların hər biri hazırda uğurlu kadr kimi fəaliyyət göstərirlər.
 BANM məzunları, GİP-in 2022-ci il qalibi, hazırda “SOCAR Downstream Management” şirkətində Biznes mükəmməlliyi üzrə supervayzer vəzifəsində çalışan Gülər Hacıyeva və GİP-in 2026-cı il qalibi Elnur Məmmədov çıxış edərək öz təcrübələrini tələbələrlə bölüşüblər.
SOCAR-ın İşə qəbul şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisi Rəşad Ələkbərov proqramın məqsədi, şərtləri və iştirakçılara təqdim ediləcək imkanlar barədə geniş təqdimat edib.
Sonda SOCAR-ın İşə qəbul şöbəsinin rəis müavini Orxan Musayev və aparıcı mütəxəssis Rəşad Ələkbərov tələbələrin suallarını cavablandırıblar.