Xəbərlər
Bakı Ali Neft Məktəbində Malayziyanın Petronas Texnologiya Universitetinin nümayəndələri ilə görüş keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Malayziyanın Petronas Texnologiya Universitetinin Marketinq və tələbə qəbulu şöbəsinin direktoru Zulkarnan Abdul və həmin şöbənin mütəxəssisi Tun Faliqlə görüş keçirilib.
Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova qonaqlara Bakı Ali Neft Məktəbinin fəaliyyəti, tədris modeli, beynəlxalq əməkdaşlıqları, sənaye ilə əməkdaşlıq imkanları və tələbələr üçün yaradılan akademik mühit barədə ətraflı məlumat veriblər.
Tərəflər tələbə və müəllim mübadiləsi proqramları, birgə təhsil layihələri, eləcə də tələbə qəbulu sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə konkret layihələrin reallaşdırılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.