Xəbərlər
Macarıstanın Azərbaycandakı səfiri və Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Bakı Ali Neft Məktəbində
Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma və Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hassan Charafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
Qonaqlar əvvəlcə BANM-in kampusu, burada mövcud olan müasir laboratoriyalar və infrastrukturla yaxından tanış olublar.
Nümayəndə heyəti ilə keçirilən görüşdə BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsi, burada tədris olunan ixtisaslar və həyata keçirilən təhsil modeli barədə ətraflı məlumat verib. O, BANM-in sənaye ilə sıx əlaqələr əsasında fəaliyyət göstərdiyini vurğulayaraq, eyni zamanda tələbəyönümlü ali təhsil müəssisəsi olduğunu qeyd edib. Rektor həmçinin bildirib ki, BANM-in bir neçə məzunu magistratura təhsilini Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində davam etdirib və bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Macarıstan Respublikasının Azərbaycandakı səfiri Tamaş Yojef Torma Bakı Ali Neft Məktəbində yenidən olmaqdan məmnunluğunu ifadə edərək, bu görüşün hər iki tərəf üçün səmərəli nəticələr verəcəyinə əminliyini bildirib.
Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hassan Charaf isə BANM-in müasir kampusunu yüksək qiymətləndirərək rəhbərlik etdiyi universitetin də sənaye ilə sıx bağlı olduğunu qeyd edib və iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıb.
Görüş çərçivəsində süni intellekt, tədqiqat və mübadilə proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.