Xəbərlər

BANM tələbəsi "Global Hult Prize Startup" yarışmasında

Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi Çingiz Məmmədov Londonda keçirilən "Global Hult Prize Startup" yarışmasının Final mərhələsinə “Fəxri kampus direktor” qismində dəvət olunaraq tədbirdə uğurla iştirak edib!
 O, 2025-ci il finalında Azərbaycandan qatılan yeganə nümayəndə, dünya üzrə isə seçilmiş cəmi 4 kampus direktorundan biri olub. Digər direktorlar ABŞ, Tayvan və İrlandiyanı təmsil ediblər.
Finalda Çingiz Hult Beynəlxalq Biznes Məktəbinin prezidenti Matt Lilley, Hult Prize-in CEO-su Lori van Dam, Proqramların baş direktoru Hamdi Ben El Elmi, Qlobal İcma meneceri Joana Bacelar Virgy və Qvatemalanın Milli Koordinatoru Javier Chau ilə görüşərək qlobal müzakirələrdə iştirak edib.
Onun rəhbərliyi ilə BANM-də təşkil edilən "Hult Prize OnCampus 2024/25"proqramı tələbələrimiz Qüdrət Abbaslı, Banuçiçək Məmmədova, Nihat Heydərzadə və Nihad Məmmədlinin dəstəyi ilə uğurla həyata keçirilib. Proqram 2024–2025-ci il üzrə həm “Avropanın ən yaxşı regional proqramı”, həm də “Dünyanın ən yaxşı proqramı” nominasiyalarına layiq görülüb. Çingiz Avropa üzrə seçilmiş ilk 5 kampus direktorundan biri olub.
Proqramın mentorluğunu isə BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin müdiri Emiliya Əhmədova həyata keçirib.
Qeyd edək ki, Hult Prize İsveçin beynəlxalq təhsil şirkəti EF Education və dünyanın aparıcı biznes məktəblərindən olan "Hult International Business School" tərəfindən keçirilir. Yarış innovasiya və sosial sahibkarlığa fokuslanır, qalib komanda isə 1 milyon ABŞ dolları investisiya qazanır. Müsabiqə həm də “tələbələr üçün Nobel mükafatı” kimi tanınır.
Hazırda tələbəmiz ABŞ Dövlət Departamentinin mədəniyyət mübadiləsi proqramı çərçivəsində ABŞ-dədir.