Xəbərlər
BANM-də 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
Anım tədbiri Dövlət Himninin səsləndirilməsi və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən BANM-in Ümumi işlər üzrə prorektoru Babək Məmmədov qeyd edib ki, 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu müharibə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun şücaəti, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin qəhrəmanlığı sayəsində azad olundu.
O bildirib ki, 27 Sentyabr xalqımızın yaddaşında həm kədər, həm də qürur günü kimi əbədi qalacaq:“44 günlük Vətən müharibəsi xalqımızın milli birliyinin, dövlətimizin gücünün və ordumuzun rəşadətinin təntənəsi oldu. Bu tarixi Zəfər şəhidlərimizin canı, qazilərimizin fədakarlığı hesabına qazanıldı və Azərbaycan xalqının iradəsini bütün dünyaya nümayiş etdirdi”.
Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Altay İsmayılov çıxışında gənc nəslin bu qəhrəmanlıq tarixini unutmadan, vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Vətən müharibəsində əldə edilən qələbə yalnız hərbi zəfər deyil, həm də milli ruhun və dövlətçilik ideyalarının təntənəsidir və bu dəyərlərin gənclərə aşılanması gələcəyimiz üçün mühüm əhəmiyyət daşıyır.
Daha sonra Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Cəsur Əliyev qəhrəmanlıq tariximiz barədə təqdimat edib və tələbə yoldaşlarına müraciət edərək bildirib ki, gənc nəsil olaraq bu tarixi dərindən öyrənmək və vətənpərvərlik ruhunu yaşatmaq bizim borcumuzdur
Sonda Vətən müharibəsi dövründə əldə edilmiş tarixi nailiyyətlərə dair videoçarx nümayiş olunub.









