Xəbərlər
BANM-də “Neft-qaz mühəndisliyinin enerji sistemlərinə inteqrasiyası” mövzusunda elmi konfrans keçirilib
Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Neft-qaz mühəndisliyinin enerji sistemlərinə inteqrasiyası” mövzusunda Tələbə və Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransının açılışı keçirilib.
BANM rektoru Elmar Qasımov artıq Ali Məktəbdə ənənə halını almış elmi konfransların tələbə və gənc tədqiqatçıların potensialının üzə çıxarılması, onların beynəlxalq elmi mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının müdiri Samirə Musayeva bildirib ki, konfransa ümumilikdə 129 müraciət daxil olub, onlardan 31-i Türkiyə, Özbəkistan, Böyük Britaniya, İtaliya, Qazaxıstan, Səudiyyə Ərəbistanının universitetlərindəndir. BANM-in tələbə və gənc tədqiqatçıları isə konfransda 53 tezislə iştirak edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov çıxışında qeyd edib ki, BANM-də keçirilən elmi konfranslar gənc tədqiqatçılar üçün önəmli platformaya çevrilib. Burada aparılan müzakirələr, təqdim edilən elmi tədqiqatlar gələcəkdə sənayedəki problemlərin həllinə mühüm töhfə olacaq.
SOCAR-ın Elm, texnika və nanotexnologiya departamentinin rəisi Nazim Vəliyev, “Bahar Energy Operating Company” şirkətinin prezidenti Anar Əliyev, "Glensol" şirkətinin Turbin-kompressor əməliyyatları və bp layihələri üzrə meneceri Rafiq Əhmədov, SOCAR-ın vitse-prezidentinin müavini Şəlalə Hüseynova, BANM-in Neft-qaz mühəndisliyi ixtisasının 2023-cü il məzunu, hazırda bp şirkətinin mühəndisi Rəhimə Abbasova çıxış edərək elmi konfransın Neft-qaz mühəndisliyi sahəsində yeni yanaşmalara yol açacağını bildiriblər.
BANM-in 5-ci kurs tələbəsi Ədalət Hümbətov tədqiqat apardığı mövzuda təqdimat edib.
Açılış mərasimi başa çatdıqdan sonra poster təqdimatları ilə tanışlıq olub.
Konfrans “Geoloji tədqiqatlar və yeraltı resursların modelləşdirilməsi”, “Qazma, hasilat və istehsalat texnologiyalarının inkişafı”, “Enerji keçidi, iqtisadiyyat və davamlı inkişaf” bölmələri üzrə işini davam etdirir.