Xəbərlər

Bakı Ali Neft Məktəbində İnnovasiya Festivalı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) İnnovasiya Festivalı keçirilib.

Festivalın açılışında BANM-in rektoru Elmar Qasımov çıxış edərək BANM-in ölkənin ən yüksək bal toplayan gənclərinin təhsil aldığı ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də hakatonlar universiteti, ən çox startap layihələri təqdim edən təhsil müəssisəsi olduğunu vurğulayıb. Rektor qeyd edib ki, təkcə 2025-ci ildə BANM tələbələri 13 hakatonun qalibi olub, 25-ə yaxın startap layihələri akselerasiya mərhələsindən keçib.

Elmar Qasımov hər il Türkiyədə keçirilən Teknofest yarışlarında BANM-in uğurla iştirak etdiyini və ən çox komanda ilə təmsil olunduğunu da qeyd edib. O, tələbələrin öz ideyalarını reallaşdıra bilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb.

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev BANM-in yarandığı gündən etibarən qurumlar arasında səmərəli əməkdaşlığın formalaşdığını və birgə bir çox uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.

Millət vəkili Tahir Mirkişili müasir dövrdə rəqabətin bilik və texnologiyalar üzərində formalaşdığını vurğulayaraq, BANM-in innovasiya sahəsində ixtisaslı kadr potensialının formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə BANM-in tələbəyönümlü tədrisin təşkili və biliklərin praktikada tətbiqi baxımından ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olduğunu bildirib.

Daha sonra “BANM tələbələrinin 2025 uğurları” adlı təqdimat çarxı nümayiş olunub.

BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin müdiri Emiliya Əhmədova bildirib ki, ötən il innovasiya sahəsində BANM-in 400-dən artıq tələbəsi nailiyyət qazanıb, nailiyyət əldə edən tələbələrə ümumilikdə 81 500 manat məbləğində pul mükafatı verilib,  tələbələrin startap layihələrinin cəlb etdiyi investisiyanın ümumi məbləği 171 700 manat olub.

Festival çərçivəsində BANM tələbələrinin mükafat qazandığı layihələrdən üçü “Climasel”, “Luminex” və “GreenStone” barədə təqdimat edilib.

Sonda 2025-ci ildə müxtəlif yarışlarda uğurlu nəticələr əldə edən tələbələrə təşəkkürnamələr təqdim edilib.

Tədbirə musiqili hissə ilə yekunlaşıb.